Bakı. Trend:
Qlobal təhdidlərlə mübarizə aparmağın yeganə effektiv yolu – birgə qərarların qəbuludur.
Trend xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması ilə bağlı təklif olunan qərar, əslində, səhv qərardır və bu həm ÜST-ə, həm də bütün dünyaya zərər vuracaq.
“ABŞ beynəlxalq yardımda mühüm rol oynayır, inkişafa yardıma ayrılan ümumi vəsaitlərin 30 faizini formalaşdırır. Bu maliyyələşmənin qəfil dayandırılması qlobal səviyyədə səhiyyə və humanitar layihələrə təsir göstərir.
Bunun bariz nümunəsi 50-dən çox ölkədə HİV müalicəsində meydana gələn əhəmiyyətli problemlərdir, belə ki, QİÇS-in müalicəsi üzrə proqramın maliyyələşməsinin dayandırılması HİV müayinəsi, müalicəsi və profilaktikası üzrə xidmətlərin çatdırılmasının dərhal dayandırılmasına gətirib çıxarıb”, - deyə o bildirib.
Qebreyesus, həmçinin, vərəmə qarşı mübarizə üçün dərman təminatında ciddi problemlərin olduğunu və qızılca ilə məxmərək diaqnostikası üçün laboratoriya şəbəkələrinin dağıdılması riskinin mövcudluğunu bildirib.
Onun fikrincə, bu, yerli xəstəlik ocaqları və ölüm halları ehtimalını artırır.
O əlavə edib ki, ÜST maliyyələşməsinin azalması ilə əlaqədar humanitar vəziyyətin pisləşməsi müşahidə olunur. Buna misal kimi, ÜST rəhbəri əhalinin ən həssas təbəqəsinin, məsələn, qaçqınlar və xəstəlik və zorakılıqlardan əziyyət çəkən insanların tibbi xidmətlərə əlçatanlılığının azalmasını göstərib.
"Əgər bu problemlər davam edərsə, biz bu il əlavə olaraq 15 milyon malyariya hadisəsi və 107 min ölüm halları ilə üzləşə bilərik", – deyə ÜST-ün baş direktoru xəbərdarlıq edib.
O, ABŞ-nin qərarını yenidən nəzərdən keçirməyə və uzunmüddətli həllər tapılana qədər maliyyələşdirməni davam etdirməyə çağırıb, həmçinin, digər tərəfdaş ölkələri həyati vacib tibbi xidmətlərin qorunması səylərini fəal şəkildə dəstəkləməyə səsləyib.
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.