...

Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır

Siyasət Materials 14 Mart 2025 20:59 (UTC +04:00)
Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması layihəsinin mətninə dair danışıqların başa çatmasını alqışlayırıq.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın şərhində deyilir.

“Azərbaycan və Ermənistan arasında tam və hərtərəfli normallaşmaya nail olunması istiqamətində atılan bu mühüm addımı, 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarında nəzərdə tutulduğu kimi, dəstəkləyirik.

Sülh prosesinin irəlilədilməsinə və Bakı ilə İrəvan arasında hələ də açıq qalan məsələlərin həllinə hərtərəfli dəstək göstərməyə hazırıq. Bu, sülh sazişinin imzalanmasına aparan addımlar, nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və humanitar məsələləri əhatə edir və tərəfdaşlarımız üçün məqbul olan dərəcədə və formada həyata keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan normallaşmasına dəstək üzrə xüsusi nümayəndəsi İ.Q. Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvanı ziyarət etməyə hazırdır.

Azərbaycan və Ermənistan nümayəndələrinin Ermənistan-Azərbaycan normallaşması ilə bağlı bütün məsələlər üzrə təmasları, eləcə də sülh sazişinin imzalanması üçün Rusiya platformasını təqdim etmək təklifimizi bir daha təsdiq edirik”, - M.Zaxarova bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.

Xəbər lenti

Xəbər lenti