Bakı. Trend:
ABŞ Azərbaycan ilə Ermənistan arasında sülh sazişində irəliləyişi alqışlayır.
Trend xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts "X" sosial şəbəkəsində yazıb.
"Cənubi Qafqazda münaqişəyə son qoyulmalıdır. <��…> Biz şadıq ki, Azərbaycan və Ermənistan irəliyə doğru böyük addım atdılar və sülh müqaviləsinə razılıq verdilər", - deyə o bildirib.
M. Uolts sülh sazişinin tezliklə bağlanmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.