Bakı. Trend:
İkinci Qarabağ müharibəsindən və Azərbaycanın Qarabağ üzərində tam suverenliyini bərpa etməsindən sonra beynəlxalq gündəmin Cənubi Qafqaza münasibətdə köklü şəkildə dəyişəcəyi gözlənilirdi. Reallıqlar artıq dəyişib: münaqişə başa çatıb, separatizm darmadağın edilib, regionun hüquqi mənsubiyyəti həm faktiki, həm də hüquqi baxımdan yenidən təsdiqlənib. Di gəl, postmünaqişə dövründə sülh məntiqinə zidd olaraq son aylarda bir sıra Qərbi Avropa ölkələrinin parlamentlərində "Qarabağ mövzusu" ətrafında fəallığın artdığı müşahidə olunur. İsveçrə, Belçika və Fransa parlamentlərində qəbul edilən qətnamələr, keçirilən dinləmələr və təklif olunan "beynəlxalq konfrans" layihələri, formal baxımdan diplomatik canlanma təəssüratı yaratsa da, əslində bu təşəbbüslərin Cənubi Qafqazın real siyasi gündəminə təsiri olduqca məhduddur.
İlkin baxışda bu cür fəaliyyətlər ermənilərlə onların Qərbdəki "hami"ləri tərəfindən humanitar narahatlığın və ya regional sabitliyə töhfə vermək istəyinin təzahürü kimi təqdim oluna bilər.
Fəqət daha dərindən təhlil edildikdə aydın olur ki, “insan hüquqlarına qayğı”, “sülh dialoqu” və “beynəlxalq vasitəçiliyin zəruriliyi” kimi şüarlar arxasında əslində tam çirkin siyasi məqsədlər, konkret maraqlar və birtərəfli yanaşmalar gizlənir. Bu təşəbbüslər nə sülhə xidmət edir, nə də regionda sabitliyin möhkəmlənməsinə real töhfə verir. Əksinə, Azərbaycanın suverenliyinə kölgə salmağa, onun öz ərazisində qanuni idarəçiliyini şübhə altına almağa yönəlir. Daha da təhlükəlisi odur ki, bu cür fəaliyyətlər “başa çatmamış münaqişə” mifini süni şəkildə canlı saxlamaqla Ermənistan cəmiyyətində revanşist ovqatı qızışdırır və həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına əngəl törədir.
Proseslərin həyata keçirildiyi geosiyasi kontekst də diqqətdən yayınmamalıdır. Məsələ təkcə bəzi ölkələrin Ermənistana mənəvi və siyasi dəstəyi ilə məhdudlaşmır. Eyni zamanda, bu dövlətlər vasitəsilə Qərb, Cənubi Qafqazda faktiki olaraq itirdiyi təsir alətlərini və regiona təzyiq göstərmək imkanlarını qoruyub saxlamağa çalışır. Avropa parlamentlərində Qarabağ mövzusunun gündəmdə saxlanması - sabitlik üçün qayğı deyil, diplomatik maska arxasında gizlənmiş, əsas məqsədi yekun sülhü uzatmaq, Azərbaycan qarşısında birtərəfli şərtlər irəli sürmək və iflas etmiş ATƏT-in Minsk Qrupunu yenidən dirçəltmək olan siyasi səhnələşdirmədir.
Bu mənzərə fonunda Avropada Qarabağla bağlı artan "parlament fəallığı"na konstruktiv beynəlxalq narahatlıq kimi deyil, əksinə, açıq-aşkar siyasi kampaniya, daha dəqiq desək, insan hüquqları və sülh təşəbbüsləri şüarları ilə bəzədilmiş geosiyasi müdaxilə cəhdi kimi baxmaq lazımdır.
Məqsəd bəllidir - Qarabağı Azərbaycanın daxilində olmayan müstəqil problem kimi saxlamaq və bu vasitə ilə rəsmi Bakıya təzyiq göstərmək imkanlarını qoruyub saxlamaq. Bu, tarixin gedişatını dayandırmaq, baş vermiş geridönməz prosesləri ləngitmək və regiona artıq aktuallığını itirmiş, məğlub olmuş siyasi xətti zorla sırımaq cəhdidir.
Məhz bu kontekstdə İsveçrə, Belçika və Fransanın konkret nümunələri bizə təkcə bu parlament təşəbbüslərinin arxasında dayanan motivləri təhlil etmək imkanı vermir, həm də beynəlxalq hüquq və institutlar üzərində aparılan manipulyasiyaların mexanizmini - istər geosiyasi maraqlar naminə, istərsə də daxili siyasi ambisiyalar uğrunda - üzə çıxarır.
2025-ci il martın 18-də İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurası 24.4259 saylı qətnaməni təsdiqlədi. Sənədə görə, Qarabağla bağlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Formal olaraq məqsəd güya "Azərbaycanla erməni icmasının nümayəndələri arasında dialoq platformasının yaradılması və ermənilərin bölgəyə qayıdış məsələlərinin müzakirəsi"dir. Halbuki 2024-cü ilin payızında bu təşəbbüsün analoqu artıq parlamentin aşağı palatası tərəfindən təsdiqlənmişdi.
Qeyd etmək lazımdır ki, sözügedən təşəbbüsün fonunda “küçə diplomatiyası” da aktivləşib - 2025-ci il martın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısında erməni diasporasının təşkil etdiyi aksiya baş tutdu. Aksiya iştirakçıları parlamentin aşağı palatasına təşəkkür etdilər və yuxarı palatanı da eyni addımı atmağa çağırdılar. Onlar İsveçrə hakimiyyətindən konfrans keçirmək, üstəlik, Azərbaycan tərəfindən saxlanılan separatçılara azadlıq tələb etmək kimi, sülhdən tam uzaq, birtərəfli və təxribat xarakterli çağırışlar səsləndirdilər. Lakin burada söhbət heç də barışdan getmir- əksinə, məqsəd 2020-ci ildə Azərbaycan tərəfindən qazanılmış tarixi Qələbənin nəticələrini təftiş etmək və reallığı dəyişmək cəhdidir.
Neytrallığını önə çəkən İsveçrə əslində humanitar ritorika fonunda Azərbaycan əleyhinə təşəbbüslərin tərəfdarına çevrilib. Beynəlxalq hüquqla artıq həll olunmuş bir məsələnin yenidən müzakirə obyektinə çevrilməsi, açıq şəkildə postmünaqişə tənzimlənməsinə siyasi müdaxilədir və regionda sabitliyə xidmət etmir.
Aprelin 2-də Belçika parlamentində Qarabağla bağlı yeni qətnamə layihəsinin dinləməsi nəzərdə tutulub. Layihədə Azərbaycan üzərinə təzyiq göstərmək çağırışları yer alıb. Layihənin müəlliflərindən biri olan və Ermənistanla dostluq qrupuna rəhbərlik edən deputat Els Van Huf mətbuata verdiyi açıqlamada, Avropanın Azərbaycanla bağlı “səsini yüksəltməli” və “təzyiqi artırmalı” olduğunu bildirib. Onun fikrincə, Avropa prosesə müdaxilə etməlidir - halbuki bu, nə onun mandatına daxildir, nə də obyektiv sülhə xidmət edir.
Əslində, bu, ilk cəhd deyil. 2020-ci ilin dekabrında Belçika parlamentinin aşağı palatasında da oxşar qətnamə layihəsi müzakirə olunmuşdu. Layihədə hətta qarabağlı ermənilərin artıq sabiq terrorçu xuntasının tanınması və onunla diplomatik əlaqələrin qurulması təklif olunmuşdu. Fəqət nəticədə bu fikirlər rədd edildi və Belçika parlamenti rəsmi olaraq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədi. Bu, o deməkdir ki, hətta diaspora təzyiqi fonunda belə, hüququn və beynəlxalq reallığın üstünlüyü qorunur. Ancaq bu, həmin dairələrin cəhdlərindən əl çəkdiyi anlamına gəlmir. Onlar yenə də "Qarabağ məsələsi"ni parlament müzakirələrinə qaytarmaqla, guya beynəlxalq dəstək görüntüsü yaradır və Ermənistanın mövqeyini süni şəkildə möhkəmləndirməyə çalışırlar - reallıqdan və hüquqdan tamamilə uzaq şəkildə.
Fransa Senatı 2020 və 2022-ci illərdə iki dəfə Ermənistanı dəstəkləyən və Azərbaycanın fəaliyyətlərini qınayan qətnamələr qəbul edib. Bu sənədlərdən birində hətta qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınması çağırışı da yer alırdı. Parlamentdə geniş dəstəyə baxmayaraq, Fransa hökuməti bu təşəbbüslərdən açıq şəkildə məsafə saxladı və bəyan etdi ki, o, qarabağlı ermənilərin xuntasının "müstəqilliyi"ni tanımır və beynəlxalq hüququn prinsiplərinə sadiq qalır.
Lakin bu qətnamələrin qəbul edilməsi faktının özü belə bir reallığı ortaya qoyur: Avropanın bir sıra ölkələrində erməni diasporasının daxili siyasi proseslərə təsiri mövcuddur. Fransa diplomatiyası isə, rəsmi mövqeyi ilə parlamentin fəallığı arasında balans yaratmağa çalışaraq, əslində ziddiyyətli siqnallar göndərir və Cənubi Qafqazda spekulyasiyalar üçün münbit zəmin yaradır.
Azərbaycan tam əsasla qeyd edir ki, istər İsveçrə, istər Belçika, istərsə də Fransa parlamentləri tərəfindən qəbul edilən bu qətnamələr nə xoşniyyətli jest, nə də sülhə yönəlmiş təşəbbüsdür. Bu sənədlər, özündə guya “humanitar narahatlıq” və “dialoq çağırışları” ilə bəzənsə də, mahiyyətcə birbaşa siyasi təzyiq vasitələridir və onların arxasında tamamilə birtərəfli, siyasi baxımdan motivasiyalı məqsədlər dayanır. Belə sənədlər nə postmünaqişə dövrü nizamlanmasına töhfə verir, nə də regionda sabitliyə xidmət edir. Əksinə, 2020-ci ildən sonra formalaşmış, beynəlxalq hüquqla və hərbi-siyasi reallıqla təsdiqlənmiş balansı pozmağa, münaqişənin nəticələrini sual altına almağa yönəlmiş açıq çağırışlardır.
Xüsusilə təhlükəli meyil isə, bu proseslərdə beynəlxalq formatların - istər “sülh konfransları”, istər “humanitar missiyalar”, istərsə də üçüncü ölkə parlamentlərində keçirilən debatlar formasında - birbaşa Bakı-İrəvan dialoqunu əvəz etməyə çalışmasıdır. Bu təşəbbüslərin arxasında nə sülhə həqiqi maraq, nə də obyektiv vasitəçilik niyyəti dayanır. Əksinə, burada söhbət erməni diasporalarının Qərb siyasi elitası üzərində onilliklərdir formalaşmış təsirindən gedir. Bu təsir vasitəsilə ayrı-ayrı ölkələrin xarici siyasəti manipulyasiya olunur və regiona qarşı yönəlmiş birtərəfli, ədalətsiz yanaşmalar reallaşdırılır.
"Qarabağ məsələsi"ni yenidən Ermənistan–Türkiyə normallaşması ilə əlaqələndirmək cəhdləri isə ümumiyyətlə, sülh prosesinin məqsədli şəkildə əngəllənməsidir. Bu, sadəcə diplomatik oyun deyil, eyni zamanda strateji diversiyadır - regionda logistikanın və kommunikasiyaların bərpası üçün yaranmış tarixi fürsətləri məhv etməyə yönəlmiş sabotajdır. Əgər Zəngəzur dəhlizi, dəmir yolları və avtomobil yolları açılarsa, bu təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün iqtisadi və geosiyasi transformasiyaya səbəb olacaq. Bu baxımdan, həmin təşəbbüslərin əngəllənməsi yalnız bir ölkəyə deyil, bütün regiona zərbədir.
Xüsusi narahatlıq doğuran məqam isə ATƏT-in Minsk Qrupu ləğv edilməmişdən öncə, Ermənistan tərəfindən beynəlxalq konfrans keçirilməsi və ya referendum təşkilinə çağırışlardır.
Minsk Qrupunun fəaliyyətinin hüquqi baxımdan tam dayandırılması üçün həm Azərbaycan, həm də Ermənistanın birgə müraciəti və ardınca ATƏT-ə üzv ölkələrin səsverməsi tələb olunur. Maraqlıdır ki, bu üzv ölkələrin sırasında – həmin qətnamələri qəbul edən, separatizmin “reabilitasiyası” istiqamətində çalışan dövlətlər də var. Bu isə açıq-aşkar maraqlar toqquşmasıdır.
Burada haqlı bir sual doğur: əgər bu dövlətlərin parlamentləri açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirirsə, İsveçrə, Belçika və Fransa kimi ölkələrin Minsk Qrupunun ləğvi üçün obyektiv səs verəcəyinə hansı əsasla inanmaq olar? Bu ölkələr sabah hər hansı formal texniki bəhanə ilə bu prosesi ləngidə bilər. Və əgər bu belədirsə, o zaman bu ölkələrin əsas məqsədi sülhə dəstək vermək deyil, əksinə, Minsk Qrupunun statusunu qoruyub saxlayaraq, Qarabağ məsələsini region üzərində daimi təzyiq vasitəsinə çevirməkdir.
Başqa sözlə desək, məqsəd sülh yaratmaq deyil, normallaşmanı uzatmaq, prosesləri sonsuzluğa sürükləmək və Qarabağ məsələsini Azərbaycan üzərində geosiyasi manevr aləti kimi saxlamaqdır. Bu, nə beynəlxalq hüquqa, nə də ədalətə uyğun gəlmir. Əksinə, bu, regionun gələcəyini zəhərləyən, süni şəkildə sabitsizlik yaradan və yeni qarşıdurmalar üçün zəmin hazırlayan təhlükəli siyasi manipulyasiyadır.
... Ermənistan bu gün öz illüziyalarının yaratdığı tələdədir. Bir tərəfdən Ermənistan hakimiyyəti sülhə maraqlı olduğunu, sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Digər tərəfdən isə, konkret addımlar atmaqdan çəkinir, qəti siyasi iradə nümayiş etdirməyə cəsarət etmir. Ermənistan Konstitusiyasında bu gün də birbaşa və ya dolayı formada Qarabağa ərazi iddialarını ehtiva edən müddəalar mövcuddur. Bu müddəaların dəyişdirilməsi – yəni əsas qanunun referendum yolu ilə yenilənməsi – hər hansı ciddi və əhatəli sülh sazişinin imzalanması üçün zəruri şərtdir. Lakin bunun üçün təkcə siyasi iradə deyil, eyni zamanda cəmiyyət üçün inandırıcı arqumentlər də lazımdır.
Məhz bu səbəbdən Azərbaycanla diplomatik münasibətlərin qurulması və Türkiyə ilə sərhədlərin açılması məsələsi kritik əhəmiyyət daşıyır. Əgər bu proseslər referendumdan əvvəl başlasa, Ermənistan hakimiyyətinin cəmiyyət qarşısında ortaya qoyacağı real arqumentlər yaranır: yeni iqtisadi mühit, əhali üçün konkret faydalar, nəqliyyat dəhlizlərinin açılması, sərmayələrin axını və regional inteqrasiya imkanları. Bu arqumentlər siyasi və sosial cəhətdən “satıla bilən” arqumentlərdir. Lakin əgər referendum diplomatik normallaşma baş vermədən keçirilərsə, o zaman Ermənistan hakimiyyətinin seçicilərə təklif edə biləcəyi heç nə qalmır. Belə olan halda istənilən səsvermə ya fars xarakteri daşıyacaq, ya da uğursuzluqla nəticələnəcək.
Deməli, sual sərt və açıq şəkildə qoyulmalıdır: referendum ideyasını cəmiyyətə izah etmək və qəbul etdirmək daha asandır – Azərbaycanla diplomatik münasibətlər qurulduqdan və Türkiyə ilə sərhəd açıldıqdan sonra, yoxsa əvvəl? Cavab tam aydındır.
Baş verənlər fonunda Ermənistan diplomatiyası hələ də Qərbin dəstəyinə ümid bəsləyir. Lakin anlamır ki, bu “dəstək” sadəcə hüquqi qüvvəyə malik olmayan, tövsiyə xarakterli qətnamələrdən ibarətdir. Bu sənədlərin heç biri nə yerində formalaşmış güc balansını dəyişməyə qadirdir, nə də Azərbaycanın, Türkiyənin və ya Rusiyanın mövqeyinə təsir etmək imkanına malikdir.
Daha önəmlisi isə budur ki, Ermənistan artıq anlamalıdır: Qərb Cənubi Qafqaza görə real məsuliyyət daşımaq niyyətində deyil. Heç kim bu regiona ordu göndərmək, Bakı ilə toqquşma riskini daşımaq, separatizmin dirçəldilməsi uğrunda savaşmaq istəmir. Bütün “dəstək” bəyanatlardan, diplomatik ritorikadan və ən yaxşı halda – məzmunsuz qətnamələrdən ibarət olacaq. Belə bir reallıqda Qərbə ümid bağlamaq siyasət deyil – bu, siyasi korluqdur.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hərtərəfli və davamlı sülh sazişi yalnız konkret və prinsipial şərtlər yerinə yetirildikdən sonra mümkündür. Bu şərtlərə yalnız Azərbaycanın ərazi bütövlüyünün formal şəkildə tanınması deyil, həm də onilliklər ərzində formalaşdırılmış “müstəqil Arcax” mifini dəstəkləyən ideoloji konstruksiyanın tamamilə sökülməsi daxildir.
"Qarabağ məsələsi"nin ATƏT, AŞPA və ya Qərb ölkələrinin milli parlamentləri kimi beynəlxalq platformalarda süni şəkildə gündəmdə saxlanılması artıq təkcə faydasız deyil – zərərli və təhlükəlidir. Bu cəhdlər Ermənistanda revanşist meyilləri stimullaşdırır, xalqda yanlış ümidlər formalaşdırır və real sülhə aparan yolu bloklayır.
Azərbaycan 2020-ci ildə əldə etdiyi tarixi Qələbənin nəticələrinin təhrif edilməsinə heç bir halda imkan verməyəcək. Bakı diplomatik, iqtisadi və geosiyasi baxımdan kifayət qədər güclü alətlərə malikdir ki, bu cür müdaxilə cəhdlərinin qarşısını alsın. Regional layihələrin reallaşdırılması - o cümlədən Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin və nəqliyyat yollarının bərpası - yalnız Ermənistanın illüziyalarını bir kənara qoyub konstruktiv gündəmə tam şəkildə qoşulacağı təqdirdə mümkün olacaq.
Nəticə birmənalıdır: artıq heç bir “format”, “konfrans”, ya da “vasitəçi dialoqu”na ehtiyac yoxdur.
Reallıq yeganədir - Azərbaycanın beynəlxalq hüquqla tanınmış suverenliyi. Bu suverenlik nə müzakirə olunmalı, nə də şərtlərlə qəbul edilməlidir. O, sadəcə yerinə yetirilməlidir.