Xankəndi. Trend:
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu baş tutub.
Trend xəbər verir ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Forum iştirakçılarını ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, eləcə də Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov salamlayıblar.
Forumun birinci panelində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusu müzakirə olunub. Panelə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev moderatorluq edib. Çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.
İkinci panel “Yeni dünya nizamı: İqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər” mövzusuna həsr olunub. Panelə ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə moderatorluq edib. Müzakirələrdə iqtisadi müstəqillik, texnologiyaların qlobal güc bölgüsünə təsiri və dayanıqlı inkişaf yanaşmaları gündəmə gətirilib.
Forum iştirakçıları tədbirin Xankəndi şəhərində təşkilini
Azərbaycanın bərpa və yenidən inteqrasiya siyasətindəki açıq dialoq
və beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürü kimi
qiymətləndiriblər. Bildirilib ki, bu yanaşma postmünaqişə dövründə
Qarabağ regionunun yalnız fiziki bərpasına deyil, eyni zamanda
intellektual və mədəni inkişafına da fayda verir.
Forum yeni dünya nizamı çərçivəsində qlobal enerji təhlükəsizliyi,
regional ticarət, rəqəmsal iqtisadiyyat və təbii sərvətlərin idarə
edilməsi ilə bağlı müzakirələrlə davam edib.
Forum öz işini aprelin 9-da Bakıda davam etdirəcək.
XXX
11:40
Xankəndi şəhərində ADA Universitetinin 7-ci Siyasi Forumu öz işinə başlayıb.
Trend xəbər verir ki, beynəlxalq ekspertlərdən və analitik mərkəzlərin əməkdaşlarından ibarət nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə Qarabağ universitetinə gəlib.
Qeyd edək ki, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 8-də Xankəndi şəhərindəki Qarabağ Universitetində “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilir.
Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcək.