Bakı. Trend:
Bu gün beynəlxalq münasibətlər sistemində dərin böhran hökm sürür. Artıq beynəlxalq hüquq normaları işləmir, yalnız böyük güclər öz iradələrini digər ölkələr üzərində tətbiq etməyə çalışırlar. Bəzi beynəlxalq təşkilatlar isə onların əlində alətə çevrilib. Prezident İlham Əliyev bir neçə gün öncə ADA Universitetində yeni dünya nizamı mövzusuna həsr olunmuş beynəlxalq forumda bununla bağlı mükəmməl mövqe ortaya qoydu. Görünən odur ki, müəyyən dairələr dövlət başçısının haqlı fikirlərindən ciddi narahatlıq keçirir. Bu baxımdan, AŞPA sədri Teodoros Rusopulosun bəyanatı göstərir ki, Azərbaycan Prezidentinin fikirləri onları sözün əsl mənasında isterikaya salıb.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan Avropa Şurası ilə həmişə səmərəli əməkdaşlığın tərəfdarı olub və təşkilatdan proseslərə obyektiv münasibət ortaya qoymasını gözləyib, lakin zaman təsdiq edib ki, bu təşkilat sadəcə müəyyən beynəlxalq qüvvələrin, hansısa dövlətlərin əlində alətdir:
“Donald Tramp ABŞ-də hakimiyyətə gəldikdən sonra AŞPA, Avropa Parlamentində təmsil olunan “oyuncaq” siyasətçilər və özlərini neoliberalist adlandıranlar sonlarının çatdığını görür və öz yararlılıqlarını sübut etmək üçün ən ağılsız və çirkin vasitələrə əl atırlar.
Dərin araşdırılsa, AŞPA-da təmsil olunanların əksəriyyətinin tərcümeyi-halında kifayət qədər qaranlıq məqamlar üzə çıxar. Bu “siyasətçilər” ayrı-ayrı qruplara bağlı olaraq dərin dövlətlərin sifarişlərini icra edir və bunun müqabilində imtiyazlar, maddiyyat əldə edirlər. Sirr deyil ki, bu gün AP, AŞPA kimi qurumlarda təmsil olunanların bir çoxu erməni lobbisi kimi şəbəkələrin təsiri altındadırlar”.
Millət vəkilinin sözlərinə görə, ötən ilin yanvarında Azərbaycan nümayəndə heyəti haqqında verilən ədalətsiz qərar təşkilatın müəyyən qüvvələrin sifarişi ilə işlədiyini təsdiqləyib.
“Halbuki qurum öz fəaliyyətində beynəlxalq hüququ, bəşəri dəyərləri üstün tutmalıdır. AŞPA-nın yürütdüyü siyasətin nəticəsidir ki, bu gün bu qurum özünü Cənubi Qafqazdan təcrid olunmuş duruma salıb. Əgər normal araşdırma aparılsa, bu gün Avropa siyasətində demokratiya və insan haqlarından danışanların çoxunun müxtəlif mərkəzlərə bağlı olduğu, sifariş yerinə yetirdiyi, korrupsiya çirkabına batdığı üzə çıxar”, - deyə S.Fətəliyeva qeyd edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Tural Gəncəliyev isə Trend-ə açıqlamasında deyib ki, Avropa institutları son zamanlar fiaskoya uğrayıb.
“Bunlar əsasən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumlardır. Avropa seçiciləri belə qitədəki neoliberal düşüncə tərzinə malik olan populist siyasətçilərin fikirlərini ciddi qəbul etmirlər. Avropada ifrat sağ dəyərlər və neoliberalizmin əks istiqamətində olan partiyalar və siyasətçilər əvvəl marginal qüvvələr qismində çıxış edirdilərsə, bu gün daha güclü və sistemli şəkildə formalaşmağa başlayıblar. Bunun səbəbi AŞPA-da radikal, neoliberal dəyərlərin təlqin edilməsidir. Bu institutların Avropa işlərini kənara qoyaraq Azərbaycan, Türkiyə, Gürcüstanı hədəfə alması onu göstərir ki, hansı ölkə müstəqil xarici siyasət aparırsa, dərhal bu ölkələrə qarşı qarayaxma kampaniyası başlayır”.
Millət vəkili vurğulayıb ki, bu institutların iç üzü son beş ildə daha çox ifşa edilir:
“2020-ci ildə biz torpaqlarımızı işğaldan azad etdik. Bu tarixədək həmin institutların gizli şəkildə Azərbaycanofob fikirləri var idi. Lakin bu fikirlər özünü sadəcə neytral cümlələrlə bəzədilmiş bəyanatlarında tapırdı. İndi həmin institutlar Azərbaycana qarşı açıq şəkildə çirkin kampaniya aparırlar. Bu institutların təmsilçiləri əsasən elə siyasi təfəkkürə malikdirlər ki, neosəlib yürüşlərini həyata keçirmək istəyirlər. Tam şəkildə onlara itaət edən ölkələr axtarırlar. Lakin Azərbaycan bütün bu planları pozur. Avropa Şurası və Parlamentinin üzv və rəhbərliyinin siyasi keçmişi və hazırkı fəaliyyətlərinə baxsaq, siyasi karyeraları fiaskoya uğrayan, yalnız Avropa institutlarında populizm və riyakar siyasətlə gündəmdə olmağa çalışan şəxslər olduqlarını görərik”.
Parlamentari əlavə edib ki, psevdoerməni siyasi kursunu dəstəkləmək Avropadakı bəzi siyasətçilərin əlində yeni bəhanə formasına çevrilib.
“Onlar bundan ötrü bütün qırmızı xətləri keçirlər. Avropada özünə əl qatan Fransa Azərbaycanın haqq siyasəti nəticəsində ifşa olunur. Bu gün Fransa öz neomüstəmləkəçilik, kolonializm siyasətini gizlətməkdən ötrü AŞPA-da Azərbaycana qarşı siyasət yürüdür ki, öz əməllərini ört-basdır etsin. AŞPA-da fikir müxtəlifliyinə yol verilmir. Əgər belə olmasaydı, onlar Azərbaycan nümayəndə heyətinin fikirlərinə hörmətlə yanaşardılar”, - deyə T.Gəncəliyev fikrini tamamlayıb.