...

Prezident İlham Əliyevin Çinə səfəri: Diplomatik və iqtisadi əməkdaşlıqda sıçrayış – ŞƏRH

Siyasət Materials 24 Aprel 2025 13:40 (UTC +04:00)
Prezident İlham Əliyevin Çinə səfəri: Diplomatik və iqtisadi əməkdaşlıqda sıçrayış – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Çin Prezidenti Si Cinpin Prezident İlham Əliyevi özünün və Çin xalqının böyük dostu adlandıraraq bu münasibətlərin səmimi, qarşılıqlı etimada əsaslandığını bir daha vurğuladı.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

O bildirib ki, səfər çərçivəsində qəbul olunan Birgə Bəyanat Azərbaycan və Çin arasında münasibətlərin yeni mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə keçdiyini təsdiqlədi:

“Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Orta Dəhlizin əhəmiyyəti və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi xüsusi diqqət mərkəzində oldu. Çin şirkətlərinin Azərbaycandakı fəaliyyəti, xüsusilə bərpa olunan enerji və infrastruktur layihələrində iştirakı ölkəmizin “yaşıl enerji” strategiyası ilə üst-üstə düşür.

Humanitar və mədəni əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyəti, COP29-la bağlı Azərbaycanın beynəlxalq uğurları və Qlobal Cənubun maraqlarını təmsil edən dövlət kimi tanınması Çin tərəfindən yüksək qiymətləndirildi.

Eyni zamanda, qarşılıqlı hörmət və dəstəyə əsaslanan bu münasibətlər, iki ölkənin qlobal təşəbbüslər, o cümlədən Çin tərəfindən irəli sürülmüş təhlükəsizlik və inkişaf təşəbbüslərinə dair ortaq baxışlarını da əks etdirir”.

Millət vəkili qeyd edib ki, bu səfər diplomatik baxımdan, həm də iqtisadi, texnoloji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi baxımından olduqca uğurlu və perspektivlidir.

“Beləliklə, ölkə başçısının Çinə səfəri Azərbaycan diplomatiyasının növbəti uğurlu addımı kimi tarixə düşür”, - deyə G.Ağamalı qeyd edib.

Milli Məclisin deputatı Sahib Alıyev isə Trend-ə açıqlamasında imzalanan Birgə Bəyanatın əhəmiyyətindən bəhs edib:

“Prezident İlham Əliyevin Çinə ikinci dövlət səfəri zamanı hər hansı anlaşma olmasa idi belə, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanatdakı bir cümlə onun son dərəcə uğurlu keçdiyini deməyə əsas verir: “Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir”. Bu bir cümlənin arxasındakı reallıq ondan ibarətdir ki, rəsmi Pekin Azərbaycanın Ermənistan konstitusiyasında Qarabağın bir hissəsinin onlarınkı kimi təsbit edildiyi maddənin ləğvini və Minsk qrupunun buraxılması üçün birgə çağırış tələbini dəstəkləyir, Zəngəzur dəhlizinin açılmasından yanadır. Eyni zamanda, Qərbdəki bəlli çevrələrin, sərhəddimiz boyunca casus missiyası yerləşdirənlərin məqsədlərinin regionda qarşıdurma yaratmaq olduğunu və onların məkrli oyunlarının arzuladıqları kimi bitməyəcəyini Çin də təsdiqləyir”.

Millət vəkili vurğulayıb ki, Çinlə strateji tərəfdaşlığımızın təkcə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində deyil, beynəlxlaq müstəvidə bir-birinin addımlarının dəstəklənməsində də özünü göstərəcəyini Birgə Bəyanatdakı bəzi maddələrdən aydın görmək olur:

“Onların arasında bizim üçün ən önəmliləri Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün “İpək Yolunun dirçəldilməsi” və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyamızla uyğunlaşdırılmasının möhkəmləndirilməsini, ölkəmizin Dünya Ticarət Təşkilatına tezliklə üzv olmasını, “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqi yönündə çağırılan qlobal forumları, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyimizi, ŞƏT-də hüquqi statusumuzun artırılmasını, COP29 çərçivəsində irəli sürdüyümüz “Dayanıqlı və sağlam şəhərlərin formalaşması üçün Multisektoral Fəaliyyət Yolları” təşəbbüsümüzü, Azərbaycanın dünyada rolunun və yumşaq güc potensialının artmasına yönəlmiş digər addımları dəstəkləməsidir” .

Deputatın sözlərinə görə, Si Cinpinin Bakıya gəlməsi Çinin Azərbaycan üzərində hər hansı böyük dövlətlərin kölgəsini görmədiyinin və görmək istəmədiyinin növbəti təsdiqi olacaq.

“ABŞ-nin Ukraynadan Krımı Rusyanın bir hissəsi kimi tanımasını tələb etdiyi və Moskvaya daha da böyük güzəştlərə gedilə bilinəcəyinin proqnozlaşdırıldığı bir dönəmdə Azərbaycanın indiyədək yeritidiyi balanslı, yəni sırf milli maraqlarına dayanan siyasəti qoruyub saxlaması və möhkəmləndirməsi üçün bu səfər zamanı imzalanan razılaşmaların, özəlliklə də Çin kimi bir nəhənglə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının, iki liderin bir-birinə açıq sezilən rəğbət və güvəninin nə dərəcədə önəmli olduğunu məncə, daha detallı açıqlamağa ehtiyac yoxdur”, - deyə S.Alıyev fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti