Bakı. Trend:
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar dəstəyini alqışlayır.
Trend xəbər verir ki, bunu bu gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı deyib.
"Azərbaycan - regionda mühüm tərəfdaşdır. Bu, Avropa İttifaqı üçün dəyərli enerji tərəfdaşıdır və biz birlikdə əlaqələrimizin möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etmişik. Dünyanın misli görünməmiş problemlərlə üzləşdiyi bir vaxtda siz Avropa İttifaqına enerji təchizatını şaxələndirməyə və enerji təhlükəsizliyimizi gücləndirməyə kömək etdiniz.
Biz həmçinin, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardıma və keçən il COP29 iqlim sammitinə ev sahibliyi etməkdə rəhbərliyinizə görə minnətdarıq. Bu cür çoxtərəfli səylər göstərir ki, ölkələr birgə hərəkət etməklə qlobal proseslərə həqiqətən təsir edə bilər", - o qeyd edib.