Bakı. Trend:
23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı
bəyanatda deyilir.
"Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin
təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və
müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri
məsuliyyətə cəlb etməlidir.
Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və
etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi
aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır", -
XİN-dən bildirilib.