Bakı. Trend:
Bu gün əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümüdür. Zərifə xanım tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor, akademik, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü və ictimai xadim idi. Onun parlaq şəxsiyyəti dərin zəka, yüksək humanizm, Vətənə sevgi, ailəyə sədaqət kimi ali dəyərlərin harmoniyası idi. Zərifə xanımın həyatı təkcə bioqrafiya deyil, gələcək nəsillər üçün mükəmməl nümunə, örnək idi.
Heç şübhəsiz, akademik Zərifə Əliyevanın doğulub böyüdüyü ailə mühiti onun gələcək taleyini müəyyənləşdirib. Zərifə xanım görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açıb, onun işıqlı həyat yolu məhz sağlam ailə dəyərlərindən qaynaqlanıb. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi dərin, oftalmologiya elminin inkişafındakı xidmətləri isə zəngin və çoxşaxəlidir. O, milli oftalmologiya tibbini inkişaf etdirməklə yanaşı, dünya tibb elminə çox böyük töhfə verib. Onun əsas elmi nailiyyətlərindən biri - peşə göz xəstəliklərinin profilaktikası sahəsindəki tədqiqatları olub. Bu, yalnız sıravi pasiyentlər üçün deyil, həm də dövlətin sağlamlıq siyasətinin irəliyə aparılmasında əhəmiyyətli rol oynayıb.
İstedadlı həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan Zərifə Əliyeva Azərbaycan qadınının ali obrazını canlandırır. O, sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana, milli dəyərlərə bağlı qadın kimi bu gün xatirələrdə yaşayır.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımı “böyük insan” kimi səciyyələndirirdi. Zərifə xanımın həssas ürəyi, insansevərliyi, kübar mədəniyyəti, əsilzadə nəcabəti Ulu Öndərin ona olan sonsuz duyğularını həyatı boyu qoruyub saxlamışdı. Ümummilli Lider Heydər Əliyev deyirdi ki: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında söylədiyi fikirlər, onun həyat yoldaşına olan dərin sevgisini, hörmətini və ona duyduğu yüksək ehtiramı açıq şəkildə göstərib. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin söylədiyi bu fikirlər onun şəxsi həyatının dövlət fəaliyyəti ilə necə əlaqələndirildiyini və Zərifə xanımın onun həyatında tutduğu əhəmiyyətli yeri vurğulayır.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur, lakin onun ən şərəfli titulu “Ana” adı olub. Zərifə xanım iki gözəl övlad tərbiyə etmişdi, Vətənə və dövlətə faydalı!
O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Prezident İlham Əliyev anasının əziz xatirəsini yad edərək deyib: “Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərmişdir. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilmiş, eyni zamanda, xəstələrin müalicəsi də təşkil edilmişdir.
Alim kimi Zərifə xanım çox böyük zirvələrə çata bilmişdir. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
Bir alim kimi Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir, eyni zamanda, Sovet İttifaqının oftalmologiya elmində ən yüksək mükafat olan Averbax mükafatına layiq görülmüşdür.
Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi və hər bir həkimdə bu iki amil birləşməlidir. Çünki həkim peşəkar olmalıdır, insanlara xidmət göstərməlidir. Eyni zamanda, həkim xeyirxah insan olmalıdır. Zərifə xanımın bu məsələlərlə bağlı da fikirləri, məqalələri var idi. Həkimin etik davranışı ilə bağlı onun çox dəyərli fikirləri olmuşdur. Hesab edirəm ki, bu fikirlər bu gün də hər bir həkim üçün əsas olmalıdır”.
Dünya oftalmologiya elminin tanınmış simaları da Zərifə Əliyeva haqqında yüksək fikirlər söyləyiblər. Akademik Arkadi Nesterov deyirdi ki, Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər: “Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu”.
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun 1966-1986-cı illərdə direktoru olmuş Kseniya Trutneva isə yazırdı ki, Zərifə Əliyevanın apardığı tədqiqatlar həcminə və vacibliyinə görə seçilir, sosial-iqtisadi baxımdan əvəzsizdir: “Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib-hazırlanıb, istehsalata tətbiq edilib”.
Professor, Əməkdar elm xadimi Nina Şulpina da Zərifə xanımın bir alim, pedaqoq, həkim kimi istedadının çoxcəhətliyi və dərinliyi ilə insanı heyrətə gətirdiyini söyləyirdi: “O, canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi. İnsani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir”.
Zərifə xanım Əliyevanı tanıyanlar, zamanında ünsiyyətdə olanlar onu məhz gözəl həkim, sadə insan, qayğıkeş ana və həyat yoldaşı kimi xarakterizə ediblər. O, peşəsinə dəyər verən həkimlərdən idi və humanist dəyərlərə sadiq bir alim olaraq Azərbaycan səhiyyəsinə böyük təsir göstərib. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Ötən əsrin 30-40-cı illərindən etibarən Azərbaycanda yayılan və 50-ci illərdə də davam edən traxoma xəstəliyinin kökünün kəsilməsi məhz Zərifə xanımın adı ilə bağlıdır.
Akademik Zərifə Əliyeva kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəllifidir. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazmışdı. Onun yazdığı 12 monoqrafiya, oftalmologiyaya dair dərs vəsaitləri, 150-yə yaxın elmi iş, 1 ixtira tibb sahəsində unikal nəticələrdən biri hesab olunur. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım novator alim idi. Görkəmli alimin daha bir əvəzsiz xidməti yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsi idi. Onun rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişdi.
Mənalı, ziyalı ömrünü insanların sağlamlığına həsr etmiş Zərifə xanımın zəngin elmi irsi növbəti onilliklərin tibbi tədqiqatları üçün zəmin yaratdı.
Bu gün Azərbaycanın göz həkimlərinin bir çoxu onun açdığı cığırlarla gedərək, dünyada tanınır və şöhrət qazanır. Öz gözünün nurundan milyonlara nur bəxş edən Zərifə xanım Əliyevanın keçdiyi şərəfli, zəngin və parlaq ömür yolu hər bir azərbaycanlı alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir, işıqlı yol və sonsuz ilham mənbəyidir. 100 illər keçsə belə, oftalmologiya elminin inkişafında və Azərbaycanda tibb elminin bu sahəsinin nailiyyətlərində əvəzsiz rola malik olan akademik Zərifə Əliyeva xatirələrdə hər zaman səmimi, işıqlı və fədakar bir insan kimi qalacaq.
Sevil Mikayılova
Ümumdünya Parlamentlərarası İttifaqının (IPU) İcraiyyə Komitəsinin vitse-prezidenti, Milli Məclisin deputatı