Bakı. Trend:
Minsk Qrupunun və onun strukturlarının saxlanmasının heç bir məntiqi izahı yoxdur.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında bildirib.
"Azərbaycan Respublikasının 20 faizə yaxın ərazilərinin 30 illik işğalına hərbi və diplomatik yollarla 2020-ci ildə son qoyulması Cənubi Qafqazda yeni reallıqlar, yeni status-kvo yaratdı. Bununla da uzun dövr ərzində ilk dəfə olaraq normal inkişaf üçün zəminin əsası qoyuldu. Ölkəmiz 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdikdən, 2023-cü ildə suverenliyin tam bərpasından sonra daha da sürətlə Ermənistana bu səhifəni çevirmək və Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş üzərində işə başlamağı təklif etdi. Azərbaycanın təşəbbüsü ilə başlayan bu proses 2,5 il çəkdi və 2025-ci ilin mart ayında mətn üzrə razılıq əldə olundu", - o bildirib.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanın göszləntiləri detallı şəkildə ATƏT-in Baş katibi ilə müzakirə edildi.
"Tərəfimdən dəyərli həmkarıma və nümayəndə heyətinin üzvlərinə yenidən Azərbaycanın baxışları, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə olan iddiaların hələdə mövcud olması və bunun Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi yolu ilə həllinin zəruriliyi bir daha çatdırıldı. Digər mövzu cənab Baş katibə yaxşı məlumdur. Bu mövzu Minsk təsisatlarının, həmçinin Minsk Qrupunun tam ləğv edilməsi və bunun üçün təşkilat daxilində konsensusun əldə edilməsidir. İlk növbədə bu, təbii ki, Azərbaycan və Ermənistanın müraciəti əsasında həyata keçirilməlidir. Bu təsisatın hazırkı duruma heç bir aidiyyəti yoxdur. Zamanında 1990-cı illərdə bu təsisat məhz Qarabağ məsələsinin çözülməsi üçün təsis edilmişdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra artıq Minsk təsisatlarını saxlamağın heç bir məntiqi izahı yoxdur", - C.Bayramov bildirib.