Bakı. Trend:
Dünyanın yeni geosiyasi mərhələsindəyik. Bu mərhələdə Qlobal Cənub adlandırılan Asiya, Avropa, Latın Amerikası, Cənubi Qafqaz ölkələri siyasi proseslərin təşəbbüskarları və siyasəti formalaşdıran aktorlara çevrilib.
Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva komitənin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan da bu ölkələr sırasında aparıcı rola malik olan dövlətdir:
“Azərbaycan çevik, milli maraqlara əsaslanan çoxşaxəli siyasi kursu ilə seçilir. Azərbaycanın unikallığı ondan ibarətdir ki, biz artıq Cənub və Qərb arasında körpü rolunu oynayırıq. Azərbaycanın əsas dəyərlərindən biri dialoqdur. Biz öz nümunəmizdə göstərdik ki, əməkdaşlıq və dialoqun təşkili müxtəlif problemlərin həlli istiqamətində açardır. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik və COP29 çərçivəsində də bunu göstərib. Biz təzyiqlərə, Avropa və Asiya arasındakı müəyyən gərginliklərə baxmayaraq, ədalətli mövqeyin bərpasına nail olduq”.
Deputat əlavə edib ki, Azərbaycan həmçinin ikitərəfli münasibətlərə də önəm verir, qarşılıqlı fayda əsasında milli maraqlar əks etdirən əməkdaşlığın marağındadır.
“Azərbaycan yeganə ölkələrdəndir ki, həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli münasibətlərdə ədalətin bərpa olunmasına çalışır, ikili standartlara qarşı çıxır. Azərbaycan həmçinin dünyada və regionda sülh, təhlükəsizliyin bərpa olunmasında təşəbbüskar dövlət kimi çıxış edir. Bu həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, həm də dünyada gedən münaqişələrdə, dövlətlər arasında etnik və dini zəmində qarşıdurmalarda özünü göstərir”, - deyə S.Fətəliyeva fikrini yekunlaşdırıb.