Tirana. Trend:
Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Albaniya Respublikasının Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.
Toplantı iştirakçıları birgə foto çəkdirdilər.
X X X
Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.
Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunur.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Xəbər yenilənəcək