...

Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar iki ölkə münasibətlərini daha da yaxşılaşdıracaq – Sabiq səfir

Siyasət Materials 21 May 2025 15:56 (UTC +04:00)
Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı qərar iki ölkə münasibətlərini daha da yaxşılaşdıracaq – Sabiq səfir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması iki ölkə münasibətlərinin yaxşılaşması prosesini daha da sürətləndirəcək.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, bir şəxsin Azərbaycan səfirliyinə hücumu təxminən iki il İran və Azərbaycan münasibətlərinə kölgə salmışdı.

Pakayin deyib ki, Azərbaycanın Tehrandakı Səfirliyinə hücumun ilk günündən İran həmin şəxslə əlaqədar araşdırma və istintaq prosesinə başlayıb və istintaqı yekunlaşdıraraq İranın Məhkəmə Sisteminə göndərib.

“İranın Məhkəmə Sistemi də qətlə yetirilən səfirlik əməkdaşının yaxınları və yaralanan şəxslərin izahatları ilə əlaqədar prosedurları həyata keçirib. Nəticə etibarilə Məhkəmə Sistemi ilkin olaraq səfirliyə hücum edən şəxsə edam qərarını verib.

Qərar müvafiq olaraq İranın Apellyasiya Məhkəməsi, sonda isə İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. İran həmişə xarici ölkələrin diplomatik nümayəndəlikləri və diplomatlarının təhlükəsizliyinin qorunmasına səy göstərib.

Əlbəttə, bəzi ölkələr, o cümlədən, İranda xarici ölkələrlə əlaqədar xüsusilə də qətl hadisəsinin baş verdiyi cinayət işləri prosesi uzun çəkir. Bu prosesin uzun çəkməsi İranın bu məsələyə diqqətsizliyi mənasında deyil. Çünki İranda bunun başqa nümunəsi də var. Misal üçün, İranın “Şahçıraq” ziyarətgahına edilən terror aktı ilə bağlı istintaq prosesi də təxminən 2 il davam edib”, - deyə o qeyd edib.

Sabiq səfir əlavə edib ki, İran hadisə baş verdiyi vaxtdan bu cinayət işini yekunlaşdıraraq, bu hadisəni iki ölkə əlaqələrindən silməyə çalışıb.

"İranın Azərbaycanla münasibətləri, xüsusilə Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri ilə çox yaxşı mərhələyə daxil olub. Bu münasibətlərin daha da möhkəmlənəcəyi və inkişaf edəcəyi gözlənilir. Ümid edirik ki, bir daha iki ölkə münasibətlərində hər hansı gözlənilməz mənfi hadisələr baş verməyəcək", - o yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə bu gün səhər Tehranda edam edilib.

Məlumata görə, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Hüseynzadə haqda Tehran Cinayət Məhkəməsində istintaq işi təkmilləşdirilməsi ilə Tehran Prokurorluğu müttəhimə qarşı müxtəlif ittihamlar, o cümlədən Azərbaycan vətəndaşlarından birini səfirliyin binasında odlu silahdan istifadə etməklə qəsdən adam öldürmək, qeyri-qanuni silah-sursat almaq, saxlamaq və ictimai asayişi pozmaq ittihamları irəli sürərək ən ağır cəzanın verilməsini istəyib.

İttiham aktının məhkəməyə göndərilməsi ilə Azərbaycan səfirliyinə hücum edən şəxsin cinayət işi müttəhim və onun vəkillərinin iştirakı ilə bir neçə iclasda araşdırılıb və məhkəmə müttəhimin edam olunmasına qərar verib.

İranın Ali Məhkəməsinin sözügedən qərarı təsdiqləməsi ilə Azərbaycan səfirliyinə hücum edən şəxs bu gün səhər yerli vaxtla 08:00-da edam olunub.

Qeyd edək ki, 27 yanvar 2023 tarixində Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir əməkdaşı şəhid olub, iki əməkdaşı isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti