...

28 May yalnız keçmişimizin anılması deyil, həm də gələcəyimizin işıqlı yoludur - Azər Qarayev

Siyasət Materials 27 May 2025 12:45 (UTC +04:00)
28 May yalnız keçmişimizin anılması deyil, həm də gələcəyimizin işıqlı yoludur - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müstəqillik günü - 28 May - xalqımızın dövlətçilik tarixində dönüş nöqtəsi, azadlıq mübarizəsinin simvoludur. Bu gün təkcə bir bayram deyil, həm də milli ruhun, dövlətçilik ideallarının və azadlıq uğrunda əzmkarlığın canlı ifadəsidir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. O dövrdə Şərqdə ilk demokratik respublika qurulmuşdu. Bu, həm siyasi, həm də ideoloji baxımdan Azərbaycan xalqının gələcək taleyində əvəzsiz izlər qoyan bir hadisə idi. Cümhuriyyət qısa müddət - 23 ay yaşasa da, onun yaratdığı ruh, o ideallar indiyədək xalqımızda müqəddəs irs olaraq qalır. Bu dövrdə milli ordu quruldu, qadınlara seçki hüququ verildi, dövlət dili kimi Azərbaycan dili qəbul edildi və Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün ilk addımlar atıldı. Bütün bunlar o vaxt üçün nadir və cəsarətli qərarlar idi. Azərbaycan xalqı ilk dəfə öz taleyini öz əlinə almaq istəyini açıq bəyan etmişdi", - o bildirib.

Onun sözlərinə görə, sovetlər hakimiyyətə gəldikdən sonra Azərbaycan müstəqilliyini itirdi, amma xalqın azadlıq istəyi heç vaxt sönmədi.

"Bu 70 il ərzində Azərbaycan xalqı öz milli kimliyini, dilini, tarixini qorumağa çalışdı. Müstəqillik arzusu nəsildən-nəslə ötürülərək, ölkənin gələcək taleyini müəyyənləşdirəcək güclü bir ideya kimi yaşadı. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan müstəqilliyini yenidən bərpa etdi və bu, yalnız bir kağız üzərində qərar deyildi.

Bu, uzun illərin mübarizəsinin, qəhrəmanlığının və xalqın böyük arzularının nəticəsi idi. Amma ilk illər heç də asan olmadı. Yeni yaranan dövlət ağır sosial-iqtisadi problemlərlə üzləşdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğal edilməsi, daxili siyasi böhranlar ölkənin inkişafına mane olurdu. Bu dövrdə dövlətin çətin vəziyyətdə qalması müstəqilliyin davamlılığına dair suallar doğururdu. Amma bütün bu çətinliklər xalqın iradəsini qırmadı. Tam əksinə, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Onun güclü liderliyi ölkədə sabitliyi bərpa etdi, dövlət institutlarını möhkəmləndirdi və ölkəni beynəlxalq səviyyədə tanıtdı. Hər şeydən əvvəl, müstəqilliyin dayanıqlı olması üçün möhkəm əsaslar yaratdı", - A.Qarayev bildirib.

Politoloq qeyd edib ki, sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz potensialını tam şəkildə reallaşdırdı.

"Ölkədə iqtisadi islahatlar, neft və qaz strategiyasının uğurlu həyata keçirilməsi sayəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Azərbaycanın siyasi stabilliyi, iqtisadi gücü və beynəlxalq nüfuzu durmadan artdı. Həmçinin, ölkə öz milli maraqlarını beynəlxalq arenada uğurla müdafiə etməyi bacardı.

2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi qələbə isə bu addımların məntiqi davamı oldu. Bu qələbə yalnız torpaqların azad olunması deyildi, həm də xalqın birliyinin, iradəsinin və dövlətçiliyə olan bağlılığının təcəssümü idi. İndi Azərbaycanın müstəqilliyi təkcə kağız üzərində deyil, gerçək, möhkəm və qalibiyyətlərlə zəngin bir reallıqdır. Azad olunan ərazilərdə bərpa və quruculuq işləri tam sürətlə davam edərkən, ümumilikdə ölkəmiz həm iqtisadi, həm də sosial sahədə böyük addımlar atır", - o bildirib.

A.Qarayev vurğulayıb ki, 28 Mayın mənası təkcə keçmişin xatirəsi deyil, gələcəyin də təminatıdır.

"Bu gün Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən bir dövlətdir. Dövlətimizin hazırkı və gələcək perspektivləri olduqca yüksəkdir və bu, əsasən xalqın müstəqilliyə olan sevgisi və onun qorunması uğrunda səylərlə bağlıdır. Hər il 28 May gəldikdə, Azərbaycan xalqı təkcə bir tarixi hadisəni deyil, həm də öz azadlıq, müstəqillik və dövlətçilik uğrunda apardığı uzun və şərəfli mübarizəni yad edir. Bu gün milli birlik və həmrəylik duyğularının, dövlətə olan inam ən yüksək səviyyədədir. Azərbaycanın müstəqilliyi hər bir vətəndaşın qürur və məsuliyyətidir.

İndi Azərbaycan öz yolunda daha inamlı addımlarla irəliləyir, dünya arenasında söz sahibi olmaqla yanaşı, həm də regional sabitlik və əməkdaşlıq üçün mühüm mərkəzə çevrilir. Müstəqilliyimizin əsasında duran dəyərlər, milli iradə və birliyimiz bizi gələcəkdə də çətinliklərə sinə gərəcəyimizə, yüksəlişə doğru addımlayacağımıza əminlik verir. 28 May yalnız keçmişimizin anılması deyil, həm də gələcəyimizin işıqlı yoludur. Azad Azərbaycan hər birimizin həm qüruru, həm də ən böyük arzusu və ən dəyərli sərvətidir", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti