...

Laçında beynəlxalq aeroportun açılması - regional əlaqələrin güclənməsi baxımından vacib addımdır - Pakistanlı nazir

Siyasət Materials 28 May 2025 13:55 (UTC +04:00)
Laçında beynəlxalq aeroportun açılması - regional əlaqələrin güclənməsi baxımından vacib addımdır - Pakistanlı nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Laçın şəhərinin beynəlxalq hava limanı Cənubi Qafqazda regional əlaqələrin gücləndiirlməsi və əməkdaşlığın inkişafı üçün mühüm mərhələdir.

Bunu Trend-ə müsahibəsində Pakistanın İnformasiya və Radioyayım naziri Attaulla Tarar bildirib.

Onun sözlərinə görə, bu yeni infrastruktur obyekt həm turizmin inkişafına, həm də regionda nəqliyyat əlaqələrinin güclənməsinə təkan verəcək.

“Bu, Laçın bölgəsinə turistlərin cəlbi ilə yanaşı, Qafqazda regional əlaqələrin inkişafı baxımından da mühüm addımdır. Ümumilikdə, əməkdaşlıq nöqteyi-nəzərindən bu çox pozitiv bir təşəbbüsdür”, - deyə o qeyd edib.

Nazir Pakistanın ənənəvi olaraq Azərbaycanı dəstəklədiyini xatırladıb və iki ölkə arasında turist axının bundan sonra da artacağına əminlik ifadə edib.

“Artıq bir çox pakistanlı turistlər Azərbaycana səfər edir. Öz növbəsində Pakistan da 80 min azərbaycanlı turisti qəbul edib. Laçın kimi füsunkar bölgədə hava limanının fəaliyyətə başlaması ilə Pakistan turistlərinin sayı daha da artacaq”, – deyə o əlavə edib.

“Nəqliyyat infrastrukturu baxımından bu, doğrudan da əlamətdar bir hadisədir”, - o deyib.

Attaulla Tarar iki ölkə arasında sıx münasibətlərin əhəmiyyətindən də söz açıb:

“Biz Azərbaycan və Pakistan xalqları arasındakı dostluqla, eləcə də liderlərimiz arasında mövcud olan səmimi və etibarlı münasibətlə qürur duyuruq”.

O, Azərbaycan–Pakistan–Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının Astanada, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində başladıldığını xatırladıb:

“Bu dialoq təkcə üç ölkə arasında münasibətləri möhkəmləndirməyəcək, həm də əməkdaşlığın genişlənməsinə vasitəçilik edəcək strateji bir alət olacaq”, – deyə nazir bildirib.

“Biz sülhpərvər xalqıq və regionda sabitlik və təhlükəsizliyin tərəfdarıyıq. Əminəm ki, üçtərəfli format sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək”, – deyə o fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti