...

Çin 2028-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmək imkanını nəzərdən keçirməyə hazırdır - XİN rəhbəri

Siyasət Materials 10 İyun 2025 10:56 (UTC +04:00)
Çin 2028-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmək imkanını nəzərdən keçirməyə hazırdır - XİN rəhbəri
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Çin 2028-ci ildə BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirmək imkanını nəzərdən keçirməyə hazırdır.

Trend xəbər verir ki, bunu Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, xarici işlər naziri Van İ Sivilizasiyalar arasında Birinci Beynəlxalq Dialoq Günü münasibətilə keçirilən tədbirə videomüraciətində bildirib.

“Bu il, 10 iyun tarixində, BMT tərəfindən təsis olunmuş Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Günü ilk dəfə qeyd edirik. Dünyanın hər yerindən olan dostlarla birlikdə bu xüsusi günü qeyd etməkdən məmnunam. Müasir dünyada 200-dən artıq ölkə və region, 2500-dən çox xalq mövcuddur.

İstehsalat və həyat fəaliyyəti prosesində xalqlar parlaq və unikal sivilizasiyalar yaradıb. Bu sivilizasiyalar paralel şəkildə inkişaf edir, bir-birini tamamlayır və bəzəyir, nəticədə "qlobal kəndimizi" çoxşaxəli, dinamik və həyat dolu edir, bəşəriyyəti isə bölünməz ortaq taleyə malik bir cəmiyyətə çevirir. Son yüz ildə görünməmiş dəyişikliklər fonunda sivilizasiyanın dəyəri hər zamankından daha çox önəm qazanır, sivilizasiyalar arasında qarşılıqlı əlaqə xüsusilə mühüm olur və onların dialoqu zəruri və vaxtında atılmış addım kimi dəyərləndirilir”, – deyə o bildirib.

Van İ xatırladıb ki, ötən il BMT Baş Assambleyasının 78-ci sessiyası Çin və digər ölkələrin də daxil olduğu 83 dövlətin təşəbbüsü və bütün üzv dövlətlərin yekdil dəstəyi ilə, hər il 10 iyun tarixində qeyd olunacaq Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Günün təsis edilməsi barədə qətnamə qəbul edib.

“Bu, dünya xalqlarının sivilizasiyalararası dialoqa və bəşəriyyətin tərəqqisinə dair ortaq arzusunu əks etdirir.

— Sivilizasiyalararası dialoq sülhə aparan körpüdür. İkinci Dünya Müharibəsində Qələbənin və BMT-nin yaradılmasının 80 illiyinin qeyd olunduğu ildə sülh bütün xalqların ortaq arzusudur. Sivilizasiyalararası dialoq fikir ayrılıqlarını aradan qaldırmağa, stereotipləri dəf etməyə, etimadı möhkəmləndirməyə və ümumi təhlükəsizliyi təmin etməyə kömək edir.

— Sivilizasiyalararası dialoq inkişafın hərəkətverici qüvvəsidir. Qədim zamanlarda Böyük İpək Yolu Şərqlə Qərbi birləşdirərək, bəşəriyyətin tərəqqisinə töhfə verirdi. Bu gün, qloballaşma dövründə, sivilizasiyalararası dialoq, ideya və texnologiya mübadiləsi ölkələrin ümumi inkişafına və dünyanın müasirləşməsinə, birgə irəliləyişinə təkan verir.

— Sivilizasiyalararası dialoq dostluq körpüsüdür. Tarix açıq şəkildə göstərir ki, açıqlıq qarşılıqlı anlayışı, mübadilə isə etimadı dərinləşdirir. Sivilizasiyalararası dialoq fərqləri aradan qaldırmağa, ortaq məxrəcə gəlməyə və xalqları yaxınlaşdırmağa yardım edir, harmonik birgəyaşayışa vəsilə olur”, - deyə nazir bildirib.

Van İnin sözlərinə görə, Çin sivilizasiyası minilliklər ərzində Çin torpağında ərsəyə gətirərək, ardıcıllıq, yenilikçilik, birlik, inklüzivlik və sülh şəraitində birgəyaşayış kimi xüsusiyyətləri formalaşdırıb.

“2023-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürdü. O, ümumbəşəri dəyərlərin təşviqinə, sivilizasiya irsinin qorunmasına və innovativ inkişafına, humanitar mübadilənin və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə çağırış etdi. Bu, Çin tərəfindən sivilizasiyalararası dialoqun təşviqinə töhfə verən mühüm təşəbbüsdür”, – deyə nazir bildirib.

XİN rəhbəri qeyd edib ki, tarixi dönəmdə Çin tərəfi üç istiqamətdə fəaliyyət göstərməyi təklif edir:

“Birincisi, gəlin, sivilizasiyalar arasında bərabərlik prinsiplərinin müdafiəçiləri olaq.

Sivilizasiyalar yüksək və ya alçaq, yaxşı və ya pis olaraq təsnif oluna bilməz. Xalqların öz inkişaf yolunu və ictimai quruluşunu seçmək hüququna hörmət edilməlidir. "Sivilizasiyaların toqquşması" nəzəriyyəsi rədd edilməli, digər ölkələrin daxili işlərinə müdaxilə, birtərəfli addımlar və güc siyasəti qınanmalı, ədalət və bərabərlik müdafiə olunmalı, bütün sivilizasiyalar bərabər ləyaqətlə təmin edilməlidir. Həqiqi çoxtərəfliliyə sadiq qalmaq, BMT-nin sivilizasiyalararası dialoqun təşviqində mərkəzi rolunu dəstəkləmək, qarşıdurmanı əməkdaşlıqla, “sıfır məbləğli oyunu” isə qarşılıqlı faydalı əlaqələrlə əvəz etmək, müxtəlif sivilizasiyaların sülh şəraitində birgə mövcudluğunu müdafiə etmək lazımdır".

İkincisi, gəlin, sivilizasiyalararası mübadiləni praktiki tətbiq edənlərdən olaq.

Beynəlxalq ictimaiyyət mübadilə və qarşılıqlı öyrənməni daha fəal şəkildə təşviq etməlidir. Sivilizasiyalararası dialoq vasitəsilə biz qlobal problemlərin həlli üçün müdriklik əldə edə, müasirləşməyə aparan yolları genişləndirə bilərik. Çin 2028-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi imkanını nəzərdən keçirməyə və sivilizasiyalararası dialoqla məşğul olan BMT qurumlarına ianə ayırmağa hazırdır. Biz qədim sivilizasiyalar Forumu kimi platformaların fəaliyyətini dəstəkləməyə davam edəcək, qlobal dialoq üçün daha səmərəli mexanizmlərin formalaşmasına töhfə verəcəyik.

Üçüncüsü, gəlin, sivilizasiya tərəqqisinin təbliğatçıları olaq.

Beynəlxalq ictimaiyyət ideyaların, texnologiyaların və insanların sərbəst axınını təşviq etməli, insan biliklərinin üfüqlərini daim genişləndirməlidir. Biz çalışmalıyıq ki, süni intellekt də daxil olmaqla texnologiyalar bəşəriyyətin rifahına xidmət etsin, sivilizasiya irsinin ötürülməsi və yenilənməsinə təkan versin, bəşəriyyətin ümumi maddi və mənəvi sərvətini zənginləşdirsin və ortaq taleyə malik inklüziv cəmiyyətin qurulmasına kömək etsin”,- deyə o bildirib.

Van İ yekunda vurğulayıb ki, bəşəriyyətin yalnız bir Yer planeti və yalnız bir ortaq gələcəyi var:

“Gəlin birlikdə dialoq yelkənini qaldıraq, birləşmənin simfoniyasını səsləndirək və daha gözəl bəşəri sivilizasiya quraq!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti