Bakı. Trend:
Son illər Qazaxıstanda boşanma sayının 16 faiz azalması müşahidə olunur.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və ailə məsələləri üzrə komitəsinin sədri Kayrat Kambarov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə etdiyi çıxışda deyib.
“Ailənin rolunun dərk edilməsi və onun möhkəmləndirilməsi xüsusi önəm kəsb edir. Bu mədəni dəyərlər real həyatda parlaq şəkildə öz təsdiqini tapır. Son araşdırmalar göstərdi ki, qazaxıstanlılar üçün əsas ailə dəyərləri qarşılıqlı qayğı, hörmət və dəstəkdir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda ailə dəyərlərinin qorunmasına geniş dəstək göstərilir və məişət zorakılığı ilə mübarizə tədbirləri gücləndirilir. Rəqəmsal dəstək alətləri tətbiq olunur. Dövlət ailə siyasətinin həyata keçirilməsinə cavabdeh olan səlahiyyətli və məsləhətçi orqanlar vasitəsilə hüquqi və metodoloji baza təmin edilir.
Kambarov qeyd edib ki, hər bir şəhər və rayonda ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin səmərəli fəaliyyəti sosial problemlərin qarşısının alınmasına, ailədaxili münaqişələrin həllinə və sosial gərginliyin azalmasına töhfə verir, ailələrin çətinliklərin öhdəsindən gəlməsinə yardım edir və onların rifahı üçün şərait yaradır.