Bakı. Trend:
2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o demişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsiz şəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi – xüsusilə bu gün də haqlıdır.
Trend xəbər verir ki, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
“Azərbaycan öz tolerantlıq və multikulturalizm modeli ilə haqlı olaraq fəxr edir”, – deyə diplomat brifinqdə bildirib.
O qeyd edib ki, son illərdə Azərbaycan nifrət və antisemitizmə qarşı mübarizə sahəsində konkret addımlar atıb:
“Ölkədə məktəb dərslikləri yenidən nəzərdən keçirilib, sovet dövrünün antisemitizmi dərsliklərdən çıxarılıb. “Impact-se” adlı qeyri-hökumət təşkilatı Azərbaycanı hətta Avropa ölkələri üçün nümunə kimi tanıyıb”.
Corc Dik həmçinin Azərbaycanın yəhudi tarixinə göstərdiyi hörməti və ölkənin təhsil, eləcə də xatirələrin qorunması sahəsindəki səylərini vurğulayıb: “Azərbaycan Holokost qurbanlarının Beynəlxalq Anım Gününü dinlərarası və hökumətlərarası iştirakı ilə qeyd edir”.
O, təhsil sahəsində əməkdaşlığın vacibliyini də xüsusi qeyd edib: “Azərbaycan tələbələrin İsraildə təhsil almasını təşviq edir, bunun üçün təqaüdlər təqdim edir və hərtərəfli dəstək göstərir”.