...

ABŞ Konqresindəki ermənipərəst çağırışlar: Sülhə qarşı kampaniyanın arxasında kimlər dayanır?

Siyasət Materials 26 İyul 2025 09:59 (UTC +04:00)
ABŞ Konqresindəki ermənipərəst çağırışlar: Sülhə qarşı kampaniyanın arxasında kimlər dayanır?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ABŞ Konqresində 87 konqresmenin prezident Donald Trampın administrasiyasına ünvanladığı müraciət, regionda sülhə doğru atılan addımların nə qədər həssas və təhlükəli zolaqdan keçdiyini bir daha göstərdi. Müraciətin mətni, onu imzalayan şəxslərin kimliyi və verilən mesajlar Ermənistanla dostluq qrupunun ermənipərəst həmsədrlərinin əməlləri fonunda oxunduqda bu kampaniyanın yalnız erməni maraqlarına xidmət etdiyi deyil, eyni zamanda regionda pozuculuq fəaliyyəti məqsədi daşıdığı da aydın olur. Azərbaycan üçün bu kampaniya təkcə diplomatik təzyiq deyil, həm də ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi sabotajdır.

Sülh prosesinə qarşı hücum

2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni reallıqlar yaranıb. Bu reallıqlar nəinki Azərbaycan və Ermənistan üçün, eyni zamanda regionda marağı olan bütün güclər üçün sülh və əməkdaşlıq imkanları yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş son Əbu-Dabi görüşü məhz bu məqsədlə sülh prosesini irəli aparmaq baxımından mühüm bir mərhələ idi.

Lakin belə bir həssas dövrdə ABŞ Konqresindəki müəyyən çevrələrin “ermənilərin Dağlıq Qarabağa qayıtması” kimi arqumentlərlə sülh gündəliyinə hücum etməsi, əslində bu tərəqqini ləngitmək və regionu yenidən gərginliyə sürükləmək cəhdidir. Bu çağırışın əsas hədəfi yalnız Azərbaycan deyil – həm də sülh prosesinə dəstək verən Tramp administrasiyasıdır. Ermənistan rəhbərliyi də daxil olmaqla bir çox beynəlxalq tərəfdaşlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi üçün şəraitin yetişdiyini qəbul edir. Məhz bu səbəbdən Konqresdəki bəzi qrupların çağırışı sadəcə erməni maraqlarının deyil, həm də ABŞ daxilindəki siyasi intriqaların təzahürüdür.

907-ci düzəlişin kölgəsində qalan ədalət

1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəliş əslində ABŞ-nin beynəlxalq hüququ necə selektiv şəkildə tətbiq etdiyini göstərən açıq nümunə idi. Ermənistanın işğalçılıq siyasətinə açıq dəstək verən bu sənəd əraziləri işğal olunmuş Azərbaycana yardımın qarşısını alıb, nəticədə on minlərlə insanın həyatına son qoyan müharibəyə səbəb olub.

Bu gün də həmin düşüncə tərzinin davamçıları olan konqresmenlər yenidən eyni ritorika ilə çıxış edərək münaqişənin yenidən qızışmasını istəyirlər. Ermənistanın hazırkı vəziyyətini formalaşdıran əsas amillərdən biri də xarici diasporun məqsədli və bəzən qeyri-məqsədəuyğun müdaxilələridir. Diaspor təkcə maliyyə deyil, həm də siyasi alətlər vasitəsilə Ermənistanı daha çox müharibəyə sürükləyib, nəticədə Ermənistan regionda tam təcrid olunmuş vəziyyətə düşüb. Sülhə aparan yol isə yalnız daxili konsolidasiya və regional əməkdaşlıqdan keçir.

Tramp administrasiyası və sülhə neytral dəstək

Donald Trampın prezidentliyi dövründə ABŞ Ermənistan-Azərbaycan münaqişəsində daha neytral və balanslı mövqe sərgiləmişdi. Xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı ABŞ rəhbərliyi Azərbaycanın öz ərazilərini azad etmə hüququnu tanımaqla, əslində beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini göstərmişdi. Bu, erməni lobbisinin narazılığına səbəb oldu və Tramp əleyhinə kampaniyalar daha da intensivləşdi.

Hazırkı müraciətin vaxtı və mahiyyəti göstərir ki, bu çağırış yalnız “ermənilərin Qarabağa qayıdışı” kimi humanitar obrazla bəzədilsə də, əslində Trampın seçkiöncəsi sülh təşəbbüslərinə qarşı yönəlib. Regionda sabitlik və əməkdaşlıq üçün vacib olan yeni təşəbbüsləri gözdən salmaq, Trampın xarici siyasət uğurlarını zəiflətmək üçün bu cür ritorikalar siyasi texnologiya vasitəsi kimi istifadə olunur.

Demokrat konqresmenlərin gizli məqsədləri

ABŞ-də erməni lobbisinin uzun illərdir, daha çox demokratlarla yaxın əlaqədə olması sirr deyil. Məlum müraciət də əsasən demokrat qanadından olan və korrupsiya qalmaqalları ilə tanınan konqresmenlər tərəfindən dəstəklənib. Bu siyahıya Frenk Pallone, Bred Şerman, Adam Şiff kimi adlar daxildir. Onların sülh prosesini hədəf almalarının səbəbləri yalnız xarici siyasətlə izah olunmur. Bu şəxslər həm də uzun illər erməni diasporundan aldıqları qeyri-şəffaf maliyyə vəsaitləri hesabına şəxsi maraqlarını təmin ediblər.

Robert Menendesin korrupsiya ittihamı ilə həbsi, Adam Şiffin araşdırmalara cəlb olunması və Trampın onları açıq şəkildə “fırıldaqçı” adlandırması, bu konqresmenlərin əsl qorxularını üzə çıxarır. Onlar Trampın “Vaşinqton bataqlığını qurudacağı” və korrupsioner siyasətçiləri ifşa edəcəyi fikrindən təşvişə düşüblər. Prezident İlham Əliyevin Şuşa forumunda “Vaşinqton bataqlığı” ifadəsi ilə verdiyi mesaj da təsadüfi deyildi – bu, Azərbaycan tərəfinin regiondakı qeyri-səmimi oyunçuları çox yaxşı tanıdığının göstəricisidir.

COP29 zamanı Pallonenin Azərbaycandan “qaçışı” və siyasi riyakarlıq

COP29 tədbiri çərçivəsində Frenk Pallonenin Azərbaycana gəlişi və ardınca təlaşla ölkədən çıxması onun Azərbaycanla bağlı məsələlərdə nə qədər qeyri-səmimi və populist yanaşmaya sahib olduğunu göstərdi. Əgər bu şəxs doğrudan da regionda sülh və hüquqdan danışırsa, niyə o zaman region ölkəsi olan Azərbaycanın ünvanına qarşı bu qədər qərəzli mövqe sərgiləyir?

Onun da daxil olduğu bu qrupun əsas məqsədi Azərbaycanın inkişaf edən beynəlxalq mövqeyinə kölgə salmaq, eyni zamanda ABŞ daxilində Trampa qarşı kampaniyada “erməni kartından” istifadə etməkdir.

ABŞ Konqresi ədalətli və obyektiv olmalıdır

Azərbaycan dövləti bölgədə davamlı sülh və qarşılıqlı anlaşma üçün konkret addımlar atır, Ermənistanla normallaşma istiqamətində Azərbaycan nəinki siyasi dialoqa, həm də iqtisadi əməkdaşlığa açıqdır.

Lakin ABŞ Konqresindəki bəzi dairələrin regionda sabitliyi pozmağa yönəlmiş təşəbbüsləri bu prosesi təhlükə altına alır.

Vaxtilə 907-ci düzəlişlə Azərbaycana haqsızlıq etmiş qüvvələrin bu gün yenidən eyni səhvi təkrarlamaması üçün beynəlxalq ictimaiyyət və ABŞ cəmiyyəti öz konqresmenlərindən cavab tələb etməlidir. Əgər məqsəd doğrudan da sülhdürsə, o zaman tərəfkeş deyil, obyektiv mövqe sərgilənməli, Azərbaycanın beynəlxalq hüquqa uyğun olan mövqeyi tanınmalı və dəstəklənməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil. Bu, beynəlxalq hüquqla təsbit olunmuş reallıqdır. ABŞ Konqresi və onun üzvləri isə bu reallığı qəbul etməli və regionda barışın yolunu açan proseslərə dəstək verməlidirlər – pozuculuğa deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti