Bakı. Trend:
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə
imzalanacağı gözlənilir.
Trend-in əldə etdiyi məlumata görə, sənəd ABŞ Prezidenti Donald
Trampın şahidliyi ilə imzalanacaq.
Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsinin
imzalamaq üçün 2 əsas şərti irəli sürmüşdü. Birinci şərt Minsk
Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi ilə,
ikinci şərt - Ermənistan Konstitusiyasına dəyişikliklərin edilərək
Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə
bağlıdır.
Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə
Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş
Katibinə birgə müraciət edəcəyi təsdiqlənir.
Eyni zamanda Azərbaycan və Ermənistan arasında dövlətlərarası
münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni
paraflanandan sonra adıçəkilən “sazişin imzalanması və
ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılması”nın
zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas
tələblərdən biri – Ermənistan konstitusiyasının dəyişdirilməsinin
zəruriliyi təsdiq olunur.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan
etmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla
maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də
Ermənistan tərəfindən qəbul edildi.
Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə
Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə,
Zəngəzur Dəhlizi reallaşır.