...

Vaşinqton Bəyannaməsi: Azərbaycanın şərtləri beynəlxalq səviyyədə təsdiqləndi – ŞƏRH

Siyasət Materials 9 Avqust 2025 12:02 (UTC +04:00)
Vaşinqton Bəyannaməsi: Azərbaycanın şərtləri beynəlxalq səviyyədə təsdiqləndi – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşıdı. Səfər zamanı Azərbaycan və Ermənistan sülh gündəliyi ilə yanaşı, ölkəmizlə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri xüsusi müzakirə mövzusu oldu.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ABŞ və Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb:

“Siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intellekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək. Prezident İlham Əliyevin səfəri zamanı yaradılması razılaşdırılan Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq”.

Deputatın sözlərinə görə, enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq.

“14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-nin iqtisadi fəallığı deməkdir”.

V.Bayramov xatırladıb ki, Prezident İlham Əliyev dəfələrlə Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib.

“Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti sayəsində imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Bu, Zəngəzur Dəhlizinin reallaşması deməkdir. Vaşinqtonda həmçinin, Zəngəzur Dəhlizinin işə düşməsi ilə əlaqədar ABŞ ilə Ermənistan arasında saziş imzalanıb. Bu isə o deməkdir ki, Tramp Zəngəzur Dəhlizinin qarantı rolunu oynayacaq”, - deyə o fikrini tamamlayıb.

Milli Məclisin deputatı Sahib Alıyev isə Trend-ə açıqlamasında deyib ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanın imzaladıqları və ABŞ Prezidentinin şahidlik etdiyi Birgə Bəyannamədə Azərbaycanın bütün şərtləri yer alıb:

“ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh yönündə böyük, həlledici sayılan addım atıldı ki, paradoksal görünsə də, əslində bunun təsbit edildiyi Birgə Bəyannamənin mətninin elə belə olacağı tam proqnozlaşdırılırdı. Biz azərbaycanlılar və elə qarşı tərəf də gözəl bilirdik ki, hansı dövlətin vasitəçiliyi ilə ərsəyə gəlir-gəlsin, Azərbaycan Prezidenti İlham Əliyevin imza qoyduğu istənilən sülh sənədində onun irəli sürdüyü tələblər mütləq əksini tapacaq. Orada hər şey - Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət də, Naxçıvana maneəsiz gediş-gəliş də, revanşizm cəhdinin yolverilməzliyi də açıq qeyd olundub”.

Millət vəkilinin sözlərinə görə, Birgə Bəyannamənin 1-ci maddəsində Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik tələbində haqlılığı və o, təmin edilməyincə hərtərəfli sülh müqaviləsinin nə imzalanmasının, nə də ratfikasiyasın mümkünlüyü vurğulanır:

“Beləliklə, bu Bəyannamə ilə 2020-ci ilin 10 noyabrındakı üçtərəfli bəyanat ABŞ-nin şahidliyi və demək ki, dəstəyi ilə ikitərəflilənir. Təbii ki, bu transformasiyada 2020-ci ildən sonra Azərbaycanın yaratdığı yeni reallıq, yəni Qarabağ üzərində suverenliyinin təmini də tam nəzərə alınır və 2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü görüşündə, ondan öncəki Qranada zirvəsindəki məkrli razılaşmalar “status”un getdiyi yerə göndərilir”.

S.Alıyev vurğulayıb ki, Vaşinqtonda baş verənlər təkcə bizim regionda yeni dövrün başlanğıcını ifadə etmir.

“Bu, bütövlükdə yeni dünya düzəninin qurulması yönündə atılan ilk addımdır. Belə bir addımın ABŞ kimi supergücün paytaxtında atılması nə qədər təbii görünürsə, onun elə həmən supergücün də uzun zaman arzulamadığı və hətta qarşı çıxdığı şəkildə baş verməsi bir o qədər heyrətamizdir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti