Bakı. Trend:
Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin daha da irəlilədilməsi və regiona sülhün və əməkdaşlığın bərqərar olması baxımından çox əhəmiyətli oldu.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, 907-ci düzəlişin dayandırılması Azərbaycan-ABŞ münasibətlərinin gələcək konturlarının müəyyən edilməsi baxımından mühüm addımdır:
"Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arası əməkdaşlığın genişləndirlməsi nəzərdə tutulan enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturu əhatə edən iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın hüquqi bazasının yaradılması üçün yeni sənədlərin hazırlanmasına yol açacaq".
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri həm də Ermənistanla münasibətlərinin normallaşdırılması və sülhə gedən yolun dönməz və qısa olmasına yeni imkanlar açır:
“Belə ki, yekun sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri olan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət göndərildi. Vaşinqtonda yüksək səviyyəli bu görüş olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzanması ilə bağlı danışıqların aparılmasının müddəti sonsuz olacaqdı. Məhz ABŞ-də dövlət başçılarının imzaladığı sənədlə ölkələrimiz arasında 35 ildə davam edən bir münaqişəyə nöqtə qoyulmuş oldu”.
Deputat əlavə edib ki, görüşün çox əhəmiyyətli tərəflərindən biri Zəngəzur Dəhlizinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adı altında açılmasının təsdiq olunmasıdır.
“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunacaq. ABŞ artıq Tramp marşurutuna sərmayənin qoymasına başlayacaq və yaxın dövrdə bu yolun açılışının şahidi olacağıq.
Dövlət başçılarının Vaşinqton görüşü ilə böyük bir tarxi münaqişəni sonlandırılmış hesab etmək olar. Danışqlar prosesi 5 ilə yaxın davam etdi. Bu 5 ildə dövlət başçımızın bildirdiyi məsələlərə heç bir dəyişiklik edilmədən addım-addım yaxınlaşdıq”, - deyə A.Badamov qeyd edib
Milli Məclisin deputatı Elnarə Akimova isə Trend-ə açıqlamasında xatırladıb ki, ABŞ-nin bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə başlayıb:
“Vaşqintondakı görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsiplərini müəyyən edən Birgə Bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Xüsusilə, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım sayılmalıdır. ABŞ-nin Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm jestlərdən biridir”.
Deputatın sözlərinə görə, Azərbaycan illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol maneəsiz olmalıdır:
“Dünənki tarixi görüş Azərbaycan ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur. Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi üçün də birgə məktub ünvanlandı. Həmçinin, 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş tutacaq. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir.
“Bütün bunlar Prezident İlham Əliyevin illərdən bəri apardığı dürüst, ləyaqətli, uzaqgörən siyasətinin şərəfli yekunudur”, - deyə E.Akimova diqqətə çatdırıb.