...

Qəbələdə keçirilən TDT zirvə görüşü Türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək – Deputat

Siyasət Materials 7 Oktyabr 2025 12:09 (UTC +04:00)
Qəbələdə keçirilən TDT zirvə görüşü Türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə xidmət edəcək – Deputat
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə görüşü təşkilata üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə və əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.
Bu sözləri Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Türk dövlətləri ilə münasibətlərin genişləndirilməsi Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, Qəbələdə təşkil olunan Zirvə görüşü bu münasibətlərin inkişafına yeni təkan verəcək:

“Azərbaycan hər zaman Türk dövlətləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, eyni zamanda türk dünyasının beynəlxalq nüfuzunun artması istiqamətində ardıcıl siyasət yürüdüb. Qəbələ görüşü də bu istiqamətdə atılmış mühüm addımlardan biridir”.

Deputat vurğulayıb ki, son otuz ildə Azərbaycan Türk dünyası ilə həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli əməkdaşlıq həyata keçirib və bu əlaqələr dinamik şəkildə inkişaf edir:

“Azərbaycan və digər Türk dövlətləri ortaq tarixə, mədəni köklərə və qardaşlıq münasibətlərinə malikdirlər. Bu dəyərlər bugünkü siyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəm təməlini təşkil edir,” – deyə A. Həsənova qeyd edib.

A.Həsənova həmçinin Zirvə görüşünün Qəbələdə keçirilməsinin xüsusi rəmzi və strateji əhəmiyyət daşıdığını bildirib:

“Belə mühüm beynəlxalq tədbirin regionda təşkil olunması Azərbaycanın bölgələrinin beynəlxalq arenada tanıdılması baxımından da önəmlidir. Bu, həm də ölkəmizin regionlarının inkişaf potensialının, turizm və mədəni imkanlarının təbliğinə xidmət edir.”

Deputat əlavə edib ki, Azərbaycanla qardaş ölkələr arasında humanitar sahədə əməkdaşlıq da uğurla genişlənir.
“Artıq azad edilmiş ərazilərimizdə qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə bir məktəb və incəsənət mərkəzi fəaliyyətə başlayıb. Eyni zamanda, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdamda yeni məktəbin təməli qoyulub. Bu layihələr Türk dünyası birliyinin, qarşılıqlı dəstək və həmrəyliyin bariz göstəricisidir,” – deyə A. Həsənova vurğulayıb.

Deputatın fikrincə, Qəbələ Zirvəsi Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərini daha da gücləndirəcək və üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradacaq.

Xəbər lenti

Xəbər lenti