Bakı.Trend:
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyev tədbirdə çıxış etdi.
Dövlət başçısı çıxışında bildirib ki, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.
Prezident İlham Əliyev TDT çərçivəsində hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.
Mövzu ilə bağlı Trend-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən Zirvə görüşü qlobal, regional təhlükəsizliklə iqtisadi maraqlar arasındakı əlaqələri gücləndirmək strategiyasını ortaya qoydu.
“Bu, getdikcə gərginləşən beynəlxalq geosiyasi mühitdə TDT-nin mövcudluğunu gücləndirmək və qlobal mövqeyini yeniləmək üçün böyük gedişlər etməsinin meyarı kimi çıxış edir” , - deyə o bildirib.
Siyasi təhlilçi qeyd edib ki, TDT ilə müttəfiqlik böyük oyunçuların marağındadır:
"TDT nəhəng iqtisadi-ticari portfel kimi beynəlxalq aləmdə çıxış edir. TDT-nin cəlbedicilik gücünün artırılması onun meydanda hərbi alyans kimi görünməsini aktuallaşdırır. Hərbi əməkdaşlıq TDT-nin təhlükəsizlik, kəşfiyyat qüvvələrinin resurslarını regional təhdidlərə qarşı istifadə etməsinə gətirib çıxara bilər. Təşkilat hərbi arsenalını vahid bir güc mərkəzi kimi artırdıqca, beynəlxalq aləmdə geostrateji vizyon dəyişikliklərinə təkan verəcək amil kimi çıxış edəcək”.
Mövzu ilə bağlı Trend-ə danışan siyasi təhlilçi Tural İsmayılov bildirib ki, əsas ideya, Türk dünyasının parçalanmış deyil, koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsi zərurətidir.
"Çünki XXI əsrin geosiyasəti artıq milli təkbaşınalıqla deyil, kollektiv güclə nəticə verir. Bu kontekstdə TDT-nin yalnız humanitar və iqtisadi platforma deyil, həm də təhlükəsizlik və müdafiə baxımından mühüm mexanizmə çevrilməsi təklif edilir", - deyə o vurğulayıb.
Siyasi təhlilçi qeyd edib ki, hərbi təlimlər məsələsinin önə çəkilməsi, əslində, regional sabitliyin qorunması və ortaq təhlükəsizlik mexanizmlərinin formalaşması zərurəti ilə bağlıdır.
“Türk dövlətləri eyni tarixi köklərə malik olduqları kimi, eyni təhlükələrlə də üzləşirlər – bu, həm informasiya müharibəsi, həm də real hərbi təhdidlər müstəvisində özünü göstərir. Ona görə də, ortaq hərbi təlimlərin keçirilməsi təkcə müdafiə məsələsi deyil, həm də strateji həmrəyliyin rəmzidir.
T.İsmayılov vurğulayıb ki, digər mühüm detal, iqtisadi inteqrasiya və nəqliyyat layihələrinə xüsusi yer ayırılması idi.
O bildirib ki, əslində, Türkiyə ilə Azərbaycanın yaratdığı “iki dövlət – bir millət” modelini geniş məkanda – “bir millət – çox dövlət” prinsipinə çevirmək niyyəti var. Bu konsepsiya həm siyasi, həm də mədəni baxımdan Türk dünyasının qlobal miqyasda söz sahibinə çevrilməsini hədəfləyir:
“Qeyd olundu ki, Türk dövlətlərinin əməkdaşlığı kiməsə qarşı deyil, amma heç kimin diktəsi altında da olmayacaq. Bu, Azərbaycanın və bütövlükdə Türk dünyasının müstəqil geosiyasi mövqeyini ifadə edir. Tədbir gələcək strateji istiqamətinin konturlarını müəyyənləşdirdi: iqtisadi inteqrasiya, hərbi koordinasiya, siyasi həmrəylik və mədəni özünüdərk”.