Bakı. Trend:
Müstəqillik əldə edildiyi andan etibarən postsovet məkanındakı bütün dövlətlər demək olar ki, eyni şəraitdən – dağıdılmış iqtisadiyyatdan, qeyri-sabitlikdən və qeyri-müəyyənlikdən – başladılar. Lakin bu çağırışları fürsətə çevirə bilənlər çox az oldu. Azərbaycan isə bu mənada nümunəvi ölkəyə çevrildi – müharibəyə, işğala, bir milyona yaxın qaçqın və məcburi köçkünə baxmayaraq, heyrətamiz tərəqqiyə nail olaraq regionun ən uğurlu dövlətlərindən biri oldu. Bu yol Prezident İlham Əliyevin strateji və uzaqgörən rəhbərliyinin nəticəsidir.
Azərbaycan təkcə öz hərbi gücünü möhkəmləndirməklə və işğal olunmuş ərazilərini azad etməklə kifayətlənməyib, həm də onları ölkənin ümumi iqtisadi sisteminə uğurla inteqrasiya edib. Bu gün Cənubi Qafqazda sülh təkcə region daxilində deyil, onun hüdudlarından kənarda da faydalar yaradır: Azərbaycan faktiki olaraq yalnız öz sabitliyini təmin etməklə kifayətlənməyib, bütün region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb, investisiyalar, ticarət və rifah üçün geniş imkanlar açıb. Qələbədən dərhal sonra Azərbaycan suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan sülh prosesinin təşəbbüskarı kimi çıxış etdi. Bu il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüş isə sülhün əldə olunması, Azərbaycanın diplomatik yetkinliyi və Prezident İlham Əliyevin strateji liderliyinin triumfu oldu.
Azərbaycanın iqtisadi sıçrayışı: investisiyalardan enerji və nəqliyyatda liderliyə
Azərbaycanın beynəlxalq arenadakı uğurları yalnız diplomatik nailiyyətlərlə deyil, həm də təsirbağışlayan iqtisadi göstəricilərlə təsdiqlənir. Aparıcı reytinq agentliklərinin son qərarları ölkə iqtisadiyyatının davamlılığının aydın göstəricisinə çevrildi.
“Moody’s” agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqini “Ba1” səviyyəsindən investisiya dərəcəsi olan “Baa3”ə yüksəldib. Agentlik vurğulayıb ki, Azərbaycanın özünü nəqliyyat və enerji mərkəzinə çevirmək istiqamətində atdığı addımlar iqtisadiyyatın qeyri-neft sektorları – logistika, tikinti və turizm sahələri üçün geniş inkişaf imkanları yaradır. Burada Qarabağ və Şərqi Zəngəzur azad edilmiş ərazilərinin bərpası və inkişafı da mühüm amil kimi çıxış edir. Bu, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir və sülhün, sabitliyin ölkənin investisiya cəlbediciliyinə birbaşa təsir etdiyini nümayiş etdirir.
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent defolt reytinqini “BBB–” səviyyəsində sabit proqnozla təsdiqləyib və valyuta risklərinin azaldığını qeyd edib. Bununla yanaşı, işsizlik səviyyəsi tarixi minimum olan 5%-ə enib ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin və yeni iş yerlərinin yaradılmasının bariz göstəricisidir.
Enerji sektoru iqtisadiyyatın aparıcı dayağı olaraq qalır. Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri ilə qaz tədarükündə dünyada lider mövqedədir. Bununla yanaşı, ölkə “yaşıl” enerjini fəal şəkildə inkişaf etdirir və 2030-cu ilə qədər istehsal edilən ümumi enerjinin təxminən 40%-nin bərpaolunan mənbələr hesabına təmin olunmasına çalışır. Bu, təkcə ekoloji riskləri azaldır, həm də Azərbaycanı “təmiz” enerji sahəsində beynəlxalq investisiyalar üçün cəlbedici tərəfdaşa çevirir.
Azərbaycanın strateji coğrafi mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı da iqtisadi gücü möhkəmləndirir. Ölkə artıq Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən regionun əsas nəqliyyat qovşağına çevrilib. Orta Dəhliz üzrə yükdaşıma həcmi 2022-ci ildən bəri təxminən 90% artıb. Xəzərin ən böyük ticarət donanması (ildə 25 milyon tonadək yükaşırma qabiliyyəti), doqquz beynəlxalq hava limanı və Bakı–Tbilisi–Qars dəmir yolu fasiləsiz logistika axınlarını təmin edir. Bu imkanlar ölkəni qlobal ticarət və nəqliyyat zəncirlərinin əvəzolunmaz həlqəsinə çevirərək biznes və investorlar üçün yeni fürsətlər yaradır.
Beləliklə, Azərbaycanın iqtisadi dinamizmi sadəcə rəqəmlərdən ibarət deyil – bu, azad edilmiş ərazilərin inteqrasiyası, enerji müstəqilliyinin möhkəmlənməsi və dünya səviyyəli logistika mərkəzinin formalaşdırılmasıdır. Bütün bunlar ölkəni uğurlu postsovet dövləti və beynəlxalq əməkdaşlıq üçün cəlbedici platforma nümunəsinə çevirir.
Azərbaycan, xüsusilə, Mərkəzi Asiyada yerləşən MDB ölkələri ilə əməkdaşlığı fəal şəkildə möhkəmləndirir və regionun əsas iqtisadi və nəqliyyat mərkəzinə çevrilir. Bu istiqamət Azərbaycanın uzunmüddətli strategiyasının tərkib hissəsidir. Azərbaycan bu ölkələri təkcə strateji tərəfdaş kimi deyil, həm də sabitlik, enerji əməkdaşlığı və nəqliyyat inteqrasiyasını – Xəzərdən Avropayadək uzanan vahid məkanın formalaşmasında əsas halqa kimi görür.
Bakı üçün bu region sadəcə bazarlar və ya tranzit dəhlizləri deyil. Bu, ümumi tarixə, mədəni bağlara və ortaq çağırışlara malik bir məkandır və uzunmüddətli iqtisadi əməkdaşlığın təməlini təşkil edir. Prezident Əliyevin rəhbərliyi ilə birgə təşəbbüslər sadəcə bəyannamələrdən real iqtisadi təsirə malik konkret layihələrə çevrilib.
Xüsusilə, Özbəkistanla tərəfdaşlıq dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlıq sənaye, rəqəmsal iqtisadiyyat, “yaşıl” enerji və təhsil sahələrini əhatə edir. Birgə istehsal müəssisələri, Orta Dəhliz boyunca nəqliyyat və logistika layihələri, ikili diplom proqramları və elmi təşəbbüslər dərin inteqrasiyanın möhkəm bazasını yaradır. Artıq iqtisadi nəticələr də göz önündədir: 2019-cu ildə 178 olan Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı 2025-ci ilin aprelində 278-ə çatıb, qarşılıqlı ticarət dövriyyəsi isə sabit şəkildə artaraq aqrobiznes, tekstil, neft-kimya və maşınqayırma kimi sahələri əhatə edir.
Türkmənistanla əməkdaşlıq da sürətlə inkişaf edir. Energetika əsas hərəkətverici qüvvə olaraq qalır. Bununla yanaşı, nəqliyyat-logistika infrastrukturu, eləcə də mədəni və humanitar layihələr ikitərəfli əlaqələri möhkəmləndirir və onları dayanıqlı edir edir.
2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən üçtərəfli görüş regiondakı nəqliyyat, enerji və humanitar təşəbbüslərin strateji əhəmiyyətini bir daha təsdiqlədi. Beynəlxalq aviasiya əlaqələri, nəqliyyat-logistika əməkdaşlığı və mədəni əlaqələrə dair sənədlər imzalandı ki, bu da Azərbaycanın regional inteqrasiyaya kompleks yanaşmasının göstəricisidir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə öz iqtisadiyyatını möhkəmləndirib və sektorlarını şaxələndirməyib, həm də MDB məkanında yeni iqtisadi reallıq formalaşdırıb. Ölkə Avrasiyanın əsas enerji və tranzit mərkəzinə çevrilərək regionda investisiya, ticarət və dayanıqlı inkişaf üçün yeni imkanlar açır.
Azərbaycan – müharibə, işğal və ciddi sınaqlardan keçmiş bir ölkə kimi bu gün iqtisadi artımın lokomotivi, enerji mərkəzi, nəqliyyat qovşağı və region ölkələri üçün etibarlı tərəfdaş nümunəsidir. Prezident İlham Əliyevin strateji liderliyi sayəsində ölkə öz geosiyasi mövqeyini real təsir və dayanıqlı inkişaf alətinə çevirib.
Bu gün Azərbaycan sadəcə uğurlu dövlət deyil, həm də MDB ölkələri üçün bir modeldir – güclü iqtisadiyyata, sabit suverenliyə, dəqiq xarici siyasət strategiyasına və qlobal sistemdə artan roluna malik müasir dövlət nümunəsi.