Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır. Çünki bu, bizim ailəmizdir. Bu sözlər əməkdaşlığımızın ruhunu çox dəqiq ifadə edir.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri Murad Nəcəfbəyli Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəritəçilik qurumları rəhbərlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Murad Nəcəfbəyli bildirib ki, Xəritəçilik İşçi Qrupunun fəaliyyəti də bu əməkdaşlığın vacib istiqamətlərindən biridir:
“Geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sayəsində məlumat və fəaliyyət imkanları ölkələrimiz üçün yeni perspektivlər açır.
Xüsusilə də 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu ərəfəsində bu sahədə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində atdığı addımları bir daha nümayiş etdirir.
İnanıram ki, bugünkü iclas uğurlu olacaq və gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”.
