...

Azərbaycan və Böyük Britaniya arasında münasibətlər enerji çərçivəsini aşaraq, digər sahələrdə də yeni mərhələyə qədəm qoyub - Azər Qarayev

Siyasət Materials 5 Dekabr 2025 13:13 (UTC +04:00)
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər enerji çərçivəsini aşaraq, digər sahələrdə də yeni mərhələyə qədəm qoyub - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Uzun illər ərzində Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq daha çox enerji sektoruna əsaslanırdı. Xəzər hövzəsində birgə hasilat layihələri, beynəlxalq enerji kəmərləri və iri həcmli sərmayələr iki ölkə arasında strateji əlaqələrin başlıca dayağı idi. Lakin regionda yaranan yeni siyasi və təhlükəsizlik konfiqurasiyası əməkdaşlığı tamamilə fərqli müstəviyə daşıyır. Bu gün əməkdaşlıq enerji çərçivəsini aşaraq, təhlükəsizlik, müdafiə sənayesi, texnologiya və post-münaqişə bərpa proseslərini əhatə edən yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin formalaşmasında həm qarşılıqlı maraqlar, həm də artan siyasi etimad əsas rol oynayır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Ötən gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould sosial şəbəkədəki paylaşımında vurğuladı ki, London müdafiə sahəsində tərəfdaşlığı sadəcə texniki əməkdaşlıq kimi deyil, etimada əsaslanan uzunmüddətli strateji mexanizm kimi qiymətləndirir. O həmçinin qeyd etdi ki, Böyük Britaniya Azərbaycanla müdafiə əməkdaşlığından qürur duyur. Bu sözlər də Londonun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə, daha çox sahələrdə daşımaqda maraqlı olduğunun sübutudur. Tərəfdaşlığın strateji müstəviyə keçdiyini təsdiqləyən əsas hadisələrdən biri Böyük Britaniyanın müdafiə naziri lord Veron Koakerin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü oldu. Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirdi. Bu isə ölkələr arasında doğurdan da bu sahədə yeni səhfəinin açıldığını göstərir. Prezident İlham Əliyev həmçinin ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu dedi. Yəni Azərbaycan və Böyük Britaniya bütün sahələrdə əməkdaşlığı gücləndirmək niyyətindədirlər və bunun üçün bütün şərait var", - o bildirib.

Onun sözlərinə görə, tərəfdaşlığın praktiki əsasını gücləndirən mühüm məqamlardan biri Böyük Britaniyanın bu il Azərbaycana silah və müdafiə sənayesi məhsullarının ixracına tətbiq etdiyi embarqonu aradan qaldırmasıdır.

"Britaniyanın dövlət naziri Stiven Dauti tərəfindən elan edilən qərar birbaşa müqavilələrə, müasir texnologiyaların transferinə, müdafiə sənayesində texnoloji əməkdaşlığa yeni imkanlar açır. Bu addım Londonun Bakıya siyasi etimadının açıq ifadəsidir. Koaker Bakıdakı görüşdə Prezident İlham Əliyevi Ermənistanla normallaşma prosesində əldə edilən irəliləyişlərə görə təbrik edib. Bu açıqlama Londonun regionda sülh təşəbbüslərinin təşəbbüskarı kimi məhz Azərbaycanı gördüyünü göstərir", - o bildirib.

A.Qarayev qeyd edib ki, Böyük Britaniyanın sülh prosesinə açıq dəstəyi bu əməkdaşlığın yalnız ikitərəfli səviyyədə deyil, regional sabitlik baxımından da əhəmiyyət kəsb etdiyini ortaya qoyur.

"Londonun Azərbaycanın təşəbbüslərini dəstəkləməsi, təhlükəsizlik əməkdaşlığını məhz bölgədə sülhün möhkəmlənməsi ilə əlaqələndirməsi bu münasibətlərə əlavə strateji dəyər qazandırır. Beləliklə, Azərbaycan–Böyük Britaniya tərəfdaşlığı artıq enerji sahəsində qurulan münasibətdən ibarət deyil; bu model siyasi etimadın artırdığı təhlükəsizlik əməkdaşlığına, texnoloji istehsal imkanlarına və regional sülhə xidmət edən strateji birlikliyə çevrilir. Gələcəkdə müdafiə sənayesi üzrə birgə layihələrin gerçəkləşməsi bu münasibətləri daha da dərinləşdirə və iki ölkə əlaqələrini yeni strateji mərhələyə daşıya bilər", - politoloq əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti