Bakı. Trend:
Venesuelada baş verən son hadisələr bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində həlledici rol hüquq normalarına deyil, güc amilinə məxsusdur. Bu proseslər beynəlxalq hüququn selektiv şəkildə tətbiq edildiyini, böyük dövlətlərin isə maraqlarına uyğun olaraq bu normaları ya tanıdığını, ya da görməzdən gəldiyini açıq şəkildə nümayiş etdirir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mehriban Vəliyeva deyib.
Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev hələ 2021-ci ilin iyununda bu reallığı dəqiq ifadə edib:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada “güclü olan haqlıdır” prinsipi faktiki olaraq əsas meyara çevrilib və məhz bu səbəbdən hər bir dövlət iqtisadi, siyasi və hərbi baxımdan güclü olmalıdır.
Venesuela ətrafında baş verənlər də bu tezisin praktik təsdiqidir. Ölkənin daxili siyasi proseslərinə xarici müdaxilələr, birtərəfli sanksiyalar, legitimlik anlayışının siyasi maraqlara uyğun şəkildə dəyişdirilməsi beynəlxalq hüququn deyil, güc balansının işlədiyini göstərir.
Maraqlıdır ki, bu məsələdə bəzi Avropa ölkələrinin mövqeyi açıq riyakarlıq nümunəsidir. Adətən “demokratiya”, “xalq iradəsi” və “suverenlik” şüarlarını önə çəkən bu dövlətlər Venesuela məsələsində fərqli, ziddiyyətli mövqe sərgiləyirlər”.
Deputat bildirib ki, sözügedən ikili yanaşmanın əsas səbəblərindən biri ABŞ faktorudur:
“Xüsusilə Donald Tramp administrasiyası dövründə Vaşinqtonun sərt və təzyiqə əsaslanan xarici siyasəti Avropa paytaxtlarını ehtiyatlı davranmağa məcbur edib. ABŞ-nin açıq siyasi mövqeyi fonunda Avropa dövlətləri Venesuela hadisələrinə prinsipial deyil, daha çox konjonktural və qoruyucu yanaşma nümayiş etdirirlər. Bu isə beynəlxalq münasibətlərdə müstəqil qərarvermə imkanlarının məhdudluğunu ortaya qoyur”.

M.Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev Yeni il müraciətində də güc faktoruna toxunaraq müasir dünyanın real mənzərəsini bir daha diqqətə çatdırmışdı.
“Dövlət başçısının yanaşması ondan ibarətdir ki, yalnız güclü dövlət öz maraqlarını qoruya, beynəlxalq təzyiqlərə davam gətirə və ədalətsiz yanaşmaların qarşısında dayana bilər. Azərbaycan bu baxımdan son illərdə məhz gücə əsaslanan, lakin hüquqa söykənən müstəqil siyasət modeli formalaşdırıb.
Venesuela nümunəsi göstərir ki, beynəlxalq hüquqa kor-koranə ümid bağlamaq sadəlövhlük olar. Real siyasət güc, iradə və milli maraqların qorunması üzərində qurulur. Müasir dünyada suverenliyini qorumaq istəyən hər bir ölkə, ilk növbədə, öz gücünə arxalanmalıdır. Azərbaycan rəhbərliyinin illər əvvəl səsləndirdiyi bu prinsip bu gün qlobal miqyasda baş verən proseslər fonunda daha da aktual görünür”, - deyə o qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev isə Trend-ə açıqlamasında deyib ki, Azərbaycan uzun illər beynəlxalq hüququn ikili standartlarından əziyyət çəkib və beynəlxalq hüquq Azərbaycan məsələsinə gəldikdə faktiki olaraq işləməyib:
“Uzun illər Azərbaycan torpaqları işğal altında qalıb, dövlət hesabına bir milyon məcburi köçkünümüzün sosial ehtiyacları qarşılanıb. Beynəlxalq güclər, təşkilatlar heç bir humanitar yardım göstərməyiblər, Ermənistana qarşı heç bir təzyiq mexanizmindən istifadə etməyiblər. BMT-nin 4 qətnaməsi olsa da, bu, faktiki olaraq unudulub. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyün və suverenliyini bərpa edib. Biz gücün sayəsində hüquqlarımızı bərpa edə bilmişik”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan güclü olmayacağı təqdirdə, hər zaman buna bənzər problemlərlə qarşılaşa bilərdi:
“Uzun illər bu təcrübəni yaşadıq, gördük, öyrəndik. Məhz Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz nəyin bahasına olursa olsun, hər zaman güclü olmalıyıq. Azərbaycan ordusu Vətən müharibəsi zamanı da çox güclü idi. Ötən dövr ərzində də qat-qat gücünə güc qatıb. Biz inanırıq ki, güclü olacağımız təqdirdə, özümüz öz hüquqlarımızı müdafiə edə biləcəyik. Bizim beynəlxalq tərəfdaşlarımızın sayı artıb, bizə olan maraq daha da güclənib. Nəticə etibarilə Azərbaycan böyük layihələri uğurla icra edə bilir. Bir sözlə, Azərbaycan, onun ordusu hər zaman güclü olmalıdır. Zəfərimizin 5 illiyi münasibətilə keçirilən hərbi paradda da gördük ki, Azərbaycan ordusunun inventarına müasir silahlar daxil edilib. Azərbaycan ordusu yeni stildə formalaşdırılır, komando hərbi birləşmələri yaradılır, bütün sərhədboyu silahlı birləşmələr öz mövqelərini gücləndiriblər”.

Deputatın sözlərinə görə, bir daha heç bir dövlət cəsarət edib Azərbaycanla güc dili ilə danışmayacaq.
“Azərbaycan isə əldə etdiyi bu gücü, imkanları sülhə çevirir. Artıq il yarımdan çoxdur ki, sərhəddə sakitlikdir. Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün real şanslar yaranıb. Biz inanırıq ki, Ermənistan və onun havadarları bu şansı düzgün dəyərləndirəcəklər. Ermənistan öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, biz 2026-cı ilin sülh ili kimi tarixə keçəcəyinə şahidlik edə biləcəyik”, - deyə N.Həmzəyev fikrini yekunlaşdırıb.
