...

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın dəyişən dünya fonunda siyasi xəttini aydın şəkildə ortaya qoyur - Azər Qarayev

Siyasət Materials 7 Yanvar 2026 17:17 (UTC +04:00)
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın dəyişən dünya fonunda siyasi xəttini aydın şəkildə ortaya qoyur - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə sadəcə ötən ilin yekunlarına həsr olunmuş ənənəvi çıxış deyil, Azərbaycanın yaxın və orta perspektiv üçün siyasi, iqtisadi və geosiyasi xəttini açıq şəkildə ortaya qoyan açıqlamalardır. Müsahibə həm məzmununun genişliyi, həm də dövlət başçısının verdiyi açıq və prinsipial mesajlarla xüsusi əhəmiyyət daşıyır. Regional və qlobal proseslərin kəskinləşdiyi, beynəlxalq münasibətlər sisteminin ciddi sınaqlardan keçdiyi bir dövrdə Prezident İlham Əliyevin mövqeyi ölkənin hansı istiqamətdə irəlilədiyini aydın şəkildə nümayiş etdirir. Yəni Azərbaycanın dəyişən dünya fonunda siyasi xəttini aydın şəkildə ortaya qoyur.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Prezident İlham Əliyev müsahibədə ilk növbədə 2025-ci ilin Azərbaycanın müasir tarixində tutduğu yeri dəyərləndirərək bu dövrün siyasi baxımdan həlledici olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, "Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq". Bu fikir təkcə keçmişin yekunu deyil, həm də gələcək üçün konseptual yanaşmadır. Dövlət başçısı açıq şəkildə bildirir ki, müharibənin bitməsi avtomatik olaraq bütün problemlərin həlli demək deyil və sülh şəraitində yaşamaq özü ayrıca siyasi məsuliyyət və uzunmüddətli strategiya tələb edir. “Sülh şəraitində yaşamağı öyrənirik” fikri isə Azərbaycanın yeni mərhələyə keçid etdiyini göstərən simvolik mesajdır.

Prezident İlham Əliyev müsahibədə beynəlxalq münasibətlər sisteminə də toxunaraq, mövcud dünya nizamının dərin böhran içində olduğunu açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, "təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur". Bu yanaşma təsadüfi deyil. Prezident İlham Əliyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən qətnamələri 27 il ərzində kağız üzərində qalıb və yalnız Azərbaycanın öz gücü və siyasi iradəsi hesabına icra edilib. Bu baxımdan dövlət başçısının mövqeyi Azərbaycanın niyə güclü dövlət quruculuğunu prioritet seçdiyini, niyə təhlükəsizliyini kənar mexanizmlərə deyil, öz imkanlarına əsaslandırdığını izah edir.

Müsahibədə ABŞ-la münasibətlər ayrıca diqqət mərkəzində olub. Prezident İlham Əliyev bu kontekstdə 2025-ci ilin Azərbaycan-ABŞ əlaqələri baxımından da tarixi il olduğunu bildirib. Dövlət başçısı, xüsusilə uzun illər ikitərəfli münasibətlərə mənfi təsir göstərən 907-ci düzəlişin aradan qaldırılmasını qeyd edərək vurğulayıb ki, bu addım müharibənin siyasi baxımdan başa çatması və yeni reallıqların qəbul edilməsi fonunda mümkün olub. Dövlət başçısının fikrincə, bu qərar Vaşinqtonun bölgədə yaranmış yeni vəziyyəti daha realist qiymətləndirməsinin göstəricisidir. Bu yanaşma Azərbaycanın xarici siyasətdə çoxşaxəli və balanslı xəttinin mühüm elementidir və ölkənin Qərblə münasibətlərində yeni imkanlar açır.

Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycanın beynəlxalq təhlükəsizlik məsələlərinə yanaşmasını da qətiyyətlə ifadə edib. Xüsusilə Yaxın Şərqdə, o cümlədən Qəzza ətrafında müzakirə olunan mümkün sülhməramlı missiyalarla bağlı suallara cavab verən İlham Əliyev bildirib: “Biz azərbaycanlıların həyatını və sağlamlığını başqaları naminə riskə atmaq niyyətində deyilik”. O, açıq şəkildə vurğulayıb ki, Azərbaycanın xarici ərazilərdə hərbi əməliyyatlarda iştirakı gündəmdə deyil. Bu mövqe ölkənin təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini əks etdirir: Azərbaycan öz maraqlarını qoruyur, lakin kənar münaqişələrdə hərbi alətə çevrilmək niyyətində deyil.

Regional mövzulara toxunan Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsində də qəti mövqe ortaya qoyub. Dövlət başçısının sözlərinə görə, bu dəhlizin açılmasına artıq şübhə yoxdur. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Orta Asiya ilə Qərb arasında etibarlı və alternativsiz bağlantı rolunu oynayır. Bu fikir təkcə iqtisadi deyil, həm də geosiyasi məna daşıyır. Zəngəzur dəhlizi Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirməklə yanaşı, ölkənin regional proseslərdə mövqeyini daha da gücləndirir və Cənubi Qafqazın nəqliyyat xəritəsini köklü şəkildə dəyişə bilər.

Ermənistanla münasibətlər mövzusunda Prezident İlham Əliyev realist və praqmatik mövqe nümayiş etdirib. Dövlət başçısı müharibənin siyasi baxımdan başa çatdığını qeyd etsə də, keçmişin izlərinin tam silinmədiyini də bildirib. Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Bakı sülhün möhkəmlənməsində maraqlıdır, lakin bu proses yalnız Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında mümkün ola bilər. Bu yanaşma revanşizmə yer olmadığını, eyni zamanda güzəştlərin də birtərəfli olmayacağını göstərir.

Müsahibədə ölkədaxili vəziyyətə də toxunan Prezident İlham Əliyev Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri olduğunu bildirib. Dövlət başçısı təhlükəsizliyi təkcə hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə deyil, ümumi ictimai sabitlik, sosial siyasət və dövlət-vətəndaş münasibətlərinin sağlamlığı ilə əlaqələndirib. Bu yanaşma Azərbaycanın beynəlxalq imicinə də xidmət edir və ölkənin turizm, investisiya və beynəlxalq tədbirlər üçün cəlbediciliyini artırır.

İqtisadi məsələlərə gəlincə, Prezident İlham Əliyevin müsahibəsindən aydın olur ki, əsas prioritetlər infrastrukturun inkişafı, investisiyaların cəlbi və azad edilmiş ərazilərin bərpasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə regional deyil, ümumilikdə ölkə iqtisadiyyatının dayanıqlığını gücləndirən amil kimi təqdim olunur. Bu kontekstdə dövlət başçısının vurğuladığı əsas xətt ondan ibarətdir ki, siyasi qələbə iqtisadi və sosial nəticələrlə möhkəmləndirilməlidir.

Ümumilikdə Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə göstərir. Bu müsahibə bir tərəfdən keçilmiş yolun qiymətləndirilməsi, digər tərəfdən isə gələcək üçün aydın yol xəritəsidir. Dövlət başçısının verdiyi mesajlar göstərir ki, Azərbaycan güclü, müstəqil və praqmatik siyasət yürüdərək həm regionda, həm də beynəlxalq müstəvidə öz mövqelərini daha da möhkəmləndirmək niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti