Bakı. Trend:
Prezident İlham Əliyevin hər ilin yanvar ayında yerli televiziya kanallarına geniş müsahibə verməsi artıq siyasi ənənəyə çevrilib. Bu müsahibələri ilk növbədə dövlətimizin başçısının uğur hesabatı adlandıra bilərik. Eyni zamanda, bu müsahibələr zamanı cənab Prezident İlham Əliyev həm də respublikamızın qarşısında dayanan strateji vəzifə və məqsədlərin, gələcək perspektivlərin nələrdən ibarət olduğunu ictimaiyyətə açıqlayır.
Dövlətimizin başçısının yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə də bu baxımdan ictimaiyyət tərəfindən maraqla qarşılandı. Öncə onu qeyd edim ki, bu müsahibə cənab İlham Əliyevin dərin erudisiyaya və yüksək siyasi dünyagörüşünə malik siyasi lider olduğunu bir daha təsdiq etdi. Suallara cavabları ilə Prezident İlham Əliyev həm də strateji düşüncənin ən mükəmməl nümunəsini növbəti dəfə nümayiş etdirdi. Ötən müsahibələrdə olduğu kimi, bu dəfə də söylədiyi fikirlər strateji gündəm yaradaraq, siyasi-ictimai auditoriyaya çoxsaylı mövzu verdi. Ona görə, müsahibə yalnız ölkə ictimaiyyəti deyil, xarici media orqanları tərəfindən də maraqla qarşılandı.
Müsahibədə Prezident İlham Əliyevin münasibət bildirdiyi, faktlarla diqqətə çatdırdığı hər bir məsələ 2025-ci ilin Azərbaycan üçün növbəti uğurlu mərhələ olduğunu təsdiq edir. Bu xüsusda respublikamızla Ermənistan arasındakı sülh prosesinin irəliyə doğru aparılması istiqamətində əldə olunan razılaşmalar, Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması ötən ilin ən mühüm hadisələri, başqa cür desək, Azərbaycanın siyasi uğurlarıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu:
“İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.
2025-ci il digər vacib məsələlər baxımından da Azərbaycanın xarici siyasəti üçün əlamətdar dövrdür. Bu sırada Azərbaycan-ABŞ münasibətlərində dönüşün yaranması, Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Prezident Donald Tramp tərəfindən 907-ci düzəlişin icrasının dayandırılması, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması, o cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığın əldə olunması xarici siyasətimizin mühüm nailiyyətləridir.
2025-ci il Azərbaycan üçün dünyanın əsas siyasi-iqtisadi qütblərindən olan Çin Xalq Respublikası ilə də əlaqələrin strateji məzmununun dərinləşməsi ilə xarakterikdir. Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan diplomatiyasının ötən il əldə etdiyi uğurlar sırasına daxil olan siyasi hadisədir. Əlbəttə ki, siyasi sferadakı strateji tərəfdaşlıq Azərbaycan-Çin münasibətlərinin iqtisadi çəkisini də artırır. Bu barədə Prezident İlham Əliyevin diqqətə çatdırdığı göstəricilər iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir. Belə ki, iki dövlət arasında əmtəə dövriyyəsi ötən il 20 faiz artaraq 4 milyard dolları keçib. Çin şirkətləri Azərbaycana əvvəlki illərdən fərqli olaraq daha fəal şəkildə investisiya qoymağa başlayıblar. Bu, xüsusən Azərbaycan üçün yeni strateji inkişaf istiqaməti olan bərpaolunan enerji sferasında özünü yaxından göstərir. Çin şirkətləri respublikamızda elektrik, Günəş, külək stansiyalarının, Günəş panellərinin istehsalı üzrə zavodun tikintisində, elektrik avtobuslarının yığılmasında iştirak edirlər.
Azərbaycanla Çin hərbi sferada da əməkdaşlıq edirlər. Ötən ilin noyabrın 8-də Bakıda keçirilən hərbi paradda Çin hərbi texnikalarının nümayişi də bunu göstərir. Amma bu, yalnız başlanğıcdır və Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan yalnız hərbi texnikanın əldə olunması ilə kifayətlənməyəcək. Belə ki, hazırda iki dövlət arasında qeyd edilən sferada müştərək müəssisələrin yaradılması ilə də bağlı işlər aparılır.
Cənab Prezident İlham Əliyevin müsahibədə toxunduğu məsələlərdən biri Çin dövlətinin Xəzər dənizinə doğru çəkilən dəmir yolunun tikintisini maliyyələşdirməsi barədə oldu. Bu, o deməkdir ki, yaxın gələcəkdə Çindən Azərbaycana yükdaşımaların həcmi daha da artacaq. Çindən əlavə yükdaşımalar dövlətimizin başçısının qeyd etdiyi kimi, Orta Dəhlizi tam işlək vəziyyətə gətirəcək. Bu isə Zəngəzur dəhlizinin uğurlu perspektivlərindən xəbər verir. Bu marşrut mühüm nəqliyyat arteriyası kimi Orta Dəhlizin qlobal rəqabətdəki yerini daha da möhkəmləndirəcək.
Lakin cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin perspektivləri ilə bağlı proqnozları yalnız Orta Dəhlizlə yekunlaşmır. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin gələcəyinə daha strateji yanaşır və istifadəyə verildikdən sonra onun vasitəsilə yüklərin yalnız Qərb deyil, həm də cənub və şimala istiqamətləndirilməsi həyata keçiriləcək.
Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycanın iştirakı ilə İran üzərindən Naxçıvana doğru Araz dəhlizi layihəsi də icra olunur. Bu layihənin də təşəbbüskarı Azərbaycandır. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq və cənab Prezident İlham Əliyevin dediyi kimi, biz faktiki olaraq Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.
Respublikamız 2025-ci ili iqtisadi və sosial sferalarda da müsbət notlarla başa vurdu. Bununla bağlı cənab İlham Əliyevin diqqətə çatdırdığı statistik göstəricilər qarşıya qoyulan vəzifələrin tam şəkildə icra edilməsindən xəbər verir. Ötən ilin 11 ayında qeyri-neft və qeyri-qaz sektorunda 3,2 faiz artımın qeydə alınması, Azərbaycanın xarici borcunun hazırda ən aşağı səviyyədə olması, yəni, ÜDM-in 6,3-6,4 faizini təşkil etməsi, strateji valyuta ehtiyatlarımızın 84 milyard ABŞ dollarına çatması olduqca ötən ilin uğurlu iqtisadi göstəricilərdir.
Azərbaycanın əsas milli prioritetlərindən olan Qarabağ və Şərqi Zəngəzurun bərpası da ötən il də sürətlə davam etdirilib, dövlət büdcəsindən bu istiqamətdə lazımi vəsait ayrılıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə 32 kənd və şəhərə məcburi köçkünlərin qayıdışı təmin olunub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 70 min nəfər vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Bu da ondan xəbər verir ki, Böyük Qayıdış proqramı uğurla icra olunur.
Bütövlükdə, ötən ilin yekunları, respublikamızın daxili və xarici siyasəti, sosial siyasət sferasında həyata keçirilən tədbirlər və digər mövzuları əhatə edən geniş müsahibədə bütün məsələləri ən xırda detallarına kimi şərh etməsi Prezident İlham Əliyevin dərin məlumatlılığını və yüksək siyasi peşəkarlığını göstərdi. Eyni zamanda, söylədiyi hər bir fikir dövlətimizin başçısının Azərbaycanın bu günü və gələcəyi ilə bağlı aydın baxışlara və dərin strateji yanaşmaya malik olmasından xəbər verdi. Cənab Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırdıqca, hər bir məsələ üzrə təhlillər apardıqca, respublikamızın inkişafının və uğurlarımızın təqdimatını etdi. Beləliklə, müsahibənin fonunda bir daha göründü ki, Azərbaycan davamlı inkişaf yolunda olan, öz maraqlarını qətiyyətlə təmin edən və qlobal miqyasda söz sahibi kimi fərqlənən dövlətdir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı