Bakı. Trend:
Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın enerji siyasəti uzunmüddətli strateji baxışa, qlobal çağırışlara adekvat yanaşmaya və milli maraqlara söykənir.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, bu mühüm layihənin istismara verilməsi təkcə yeni bir enerji obyektinin açılışı deyil, eyni zamanda ölkəmizin bərpa olunan enerji sahəsində atdığı ardıcıl və məqsədyönlü addımların məntiqi nəticəsidir:
“240 meqavat gücündə olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji balansında bərpa olunan mənbələrin payının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə ölkənin ümumi inkişafına töhfə verməklə yanaşı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Xüsusilə qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə daxili enerji dayanıqlığının gücləndirilməsi strateji üstünlükdür.
Bu stansiyanın inşasında beynəlxalq şirkətlərin iştirakı Azərbaycanın investisiya mühitinə olan yüksək etimadın göstəricisidir. “ACWA Power” və “Power China” kimi aparıcı şirkətlərin ölkəmizdə fəaliyyət göstərməsi, gələcək layihələrdə də iştirak etmək niyyətləri Azərbaycanın etibarlı tərəfdaş kimi tanındığını bir daha təsdiqləyir. Xarici investorlarla qurulan bu əməkdaşlıq modeli texnologiyaların transferinə, yeni təcrübələrin tətbiqinə və yerli mütəxəssislərin peşəkarlığının artmasına da şərait yaradır”.
Deputat vurğulayıb ki, son illər energetika sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan güclü və müasir enerji sisteminə malik ölkəyə çevrilib:
“Generasiya güclərinin əhəmiyyətli dərəcədə artırılması, ötürücü xətlərin və yarımstansiyaların yenilənməsi ölkənin artan tələbatını tam ödəməyə, eyni zamanda elektrik enerjisinin ixrac imkanlarını genişləndirməyə şərait yaradır. Ənənəvi və bərpa olunan enerji mənbələrinin paralel inkişafı isə balanslı və davamlı enerji siyasətinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın bərpa olunan enerji potensialının coğrafi baxımdan genişliyidir. Ölkənin demək olar ki, bütün bölgələrində Günəş və külək enerjisi layihələrinin reallaşdırılması mümkündür. Xüsusilə Xəzər dənizinin külək potensialı gələcəkdə Azərbaycanın regional və qlobal enerji bazarlarında rolunu daha da gücləndirə bilər.
Eyni zamanda, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində yaradılan “yaşıl enerji zonası” konsepsiyası postmünaqişə dövrünün mühüm inkişaf istiqamətlərindən biridir. Qısa müddət ərzində onlarla kiçik su elektrik stansiyasının inşa edilməsi həmin ərazilərin həm enerji təminatını, həm də iqtisadi dirçəlişini sürətləndirir. Bu yanaşma ekoloji cəhətdən təmiz və dayanıqlı inkişaf modelinin uğurla tətbiq olunduğunu göstərir”.
A.Həsənova əlavə edib ki, bərpa olunan enerji istehsalının artması enerji saxlanması infrastrukturunun da inkişafını zəruri edir:
“Bu baxımdan ölkəmizdə ilk dəfə Batareya Enerji Saxlanc Sisteminin yaradılması gələcəyə hesablanmış mühüm addımdır. Bu cür layihələr enerji sisteminin çevikliyini və etibarlılığını daha da artıracaq.
Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycanın enerji strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kurs ölkəmizi təkcə enerji istehsalçısı deyil, eyni zamanda bərpa olunan enerji sahəsində regional liderə çevirmək məqsədi daşıyır. Bu siyasət Azərbaycanın uzunmüddətli inkişafına, ekoloji təhlükəsizliyinə və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir”.
