Bakı. Trend:
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimatında çıxışında qlobal siyasi gündəmlə bağlı mühüm mesajlar verdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputatın fikrincə, bu tədbir yalnız rəmzi xarakter daşımır, həm də müasir beynəlxalq münasibətlər sistemində sülh və əməkdaşlıq modellərinin formalaşmasına dair vacib siyasi siqnallar verir.
A.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq arenada artan siyasi çəkisinin və diplomatik fəallığının nəticəsi kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu regional sabitliyin qorunması, humanitar əməkdaşlığın genişləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ardıcıl strategiyaya əsaslanır:
“Mükafatın Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıması tədbirin siyasi və ideoloji məzmununu daha da dərinləşdirir. Şeyx Zayedin dövlətçilik fəlsəfəsi humanizm, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq regionun inkişaf modelinin formalaşmasına ciddi təsir göstərib”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında dinlərarası və sivilizasiyalararası dialoq məsələlərinin ön plana çəkilməsi müasir dövrdə geosiyasi gərginliklərin artdığı bir şəraitdə xüsusi aktuallıq kəsb edir:
“Azərbaycan uzun illər multikultural dəyərlərin qorunduğu və müxtəlif konfessiyaların harmoniyada yaşadığı məkan kimi bu sahədə praktiki təcrübəyə malik ölkələrdən biridir. Bu amil ölkənin beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakını şərtləndirən əsas faktor kimi qiymətləndirilir”.
Deputat eyni zamanda, dövlət başçısının Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinə dair səsləndirdiyi fikirlərin regional təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, uzun illər davam edən münaqişədən sonra regionda yaranan yeni geosiyasi reallıqlar qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açır:
“Vaşinqtonda keçirilmiş zirvə görüşündə əldə olunan razılaşmalar yalnız siyasi sənəd kimi deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasının formalaşmasına təsir edən mühüm mərhələ kimi dəyərləndirilməlidir”.
Deputat bildirib ki, son dövrdə iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərir. Onun fikrincə, qarşılıqlı ticarət və logistika layihələrinin inkişafı regionda sabitliyin möhkəmlənməsi ilə yanaşı, iqtisadi inteqrasiyanı da sürətləndirə bilər.
Afət Həsənova Əbu-Dabidə keçirilən tədbirin geosiyasi baxımdan da mühüm məna daşıdığını qeyd edib: “Bu şəhərin Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda mühüm platformaya çevrilməsi beynəlxalq vasitəçilik mexanizmlərinin effektivliyini nümayiş etdirir. Dost və tərəfdaş ölkələrin dəstəyi regionda etimad mühitinin formalaşmasına mühüm töhfə verir”.
