...

Türkmənistanda “Qarabağ” və “Ahaltəkə” atları ilə bağlı əməkdaşlıq müzakirə olundu (FOTO)

Siyasət Materials 12 Fevral 2026 16:57 (UTC +04:00)
Türkmənistanda “Qarabağ” və “Ahaltəkə” atları ilə bağlı əməkdaşlıq müzakirə olundu (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistanın Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasının rektoru Pıqı Bayramdurdıyev ilə görüşüb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Şərqin nadir incilərindən olan “Qarabağ” və “Ahaltəkə” atlarının hər iki xalqın tarixi-mədəni irsində xüsusi yer tutduğu vurğulanıb. Qeyd olunub ki, “Qarabağ” və “Ahaltəkə” atları eyni qədim köklərdən qaynaqlanır, tarix və mədəniyyətin formalaşdırdığı ortaq irsi təcəssüm etdirir. Hər iki ölkədə milli maddi irsin və tarixi yaddaşın mühüm simvoludur, Azərbaycan və Türkmənistanda ata hörmət türk mədəniyyəti və milli ənənələrin rəmzidir. Bu nadir cinslər həm idman yarışlarında, həm də maddi irsin və tarixi yaddaşın qorunmasında xüsusi rol oynayır.

Həmçinin, Azərbaycanla Türkmənistan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın müvafiq protokolunda atçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə praktik addımların atılması üçün geniş imkanların mövcud olduğu bildirilib. Bu xüsusda ölkələrimiz arasında atçılıq idmanı, ənənəvi at oyunları, mütəxəssislər arasında təcrübə mübadiləsi, eləcə də “Qarabağ” və “Ahaltəkə” atlarının genofondunun qorunmasının əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, atçılıq sahəsində gənclər və tələbələr üçün təlim-təcrübə proqramlarının təşkili, elmi-tədris əlaqələrinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Ötən ilin noyabr ayında P.Bayramdurdıyevin Azərbaycana səfəri çərçivəsində Türkmənistanın məşhur “Qalkınış” at qrupunun 2026-cı ildə Azərbaycanda nəzərdə tutulan nümayişinin təşkili barədə əldə olunmuş razılaşma məmnunluqla qeyd olunub. Həmin çıxış zamanı “Ahaltəkə” və “Qarabağ” atlarının birgə nümayiş proqramının təşkilinin əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Bununla yanaşı, görüşdə iki ölkə arasında atçılıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, bu sahədə memorandumun imzalanmasının, UNESCO və digər beynəlxalq platformalarda atçılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin hər iki ölkə üçün böyük önəm daşıdığı vurğulanıb.

Xəbər lenti

Xəbər lenti