Bakı. Trend:
Son dövrlərdə Azərbaycan cəmiyyətində müəyyən şəxslərin fəaliyyəti xarici diplomatların və siyasi mərkəzlərin diqqətini çəkir. Ramiz Mehdiyev həlqəsi daraldıqca formalaşmış “yeraltı sistem” çöküş mərhələsinə qədəm qoyur. Bu proses özünü daha çox xarici ölkələrin təsir dairəsində olan şəxslərin son günlər müşahidə olunan intensiv fəaliyyəti və çirkin ritorikasında göstərir.
Özünü insan hüquqları müdafiəçisi kimi təqdim edən Emin və Mehman Hüseynov qardaşları ətrafında formalaşan beynəlxalq himayə mexanizmi ciddi suallar doğurur.
Normal halda hər hansı vətəndaşın ABŞ, İsveçrə, Polşa və digər səfirliklərə sərbəst girib-çıxması mümkün deyil. Bunun fonunda Hüseynovların diplomatlarla əlaqələrinin intensiv olması və onlara xüsusi himayə göstərilməsi adi humanitar yardım çərçivəsini aşır. 200 min manatdan çox vergi borcu olan bir şəxsin xarici diplomatik binada uzun müddət gizlədilməsi və fərdi razılaşmaların aparılması bunun nümunəsidir.
Məsələni daha da diqqət çəkən edən fakt İsveçrənin o zamankı xarici işlər naziri Didier Burhalterin Emin Hüseynovu şəxsi təyyarəsi ilə ölkədən çıxarmasıdır. Diplomatiyada belə addımlar yalnız strateji əhəmiyyət daşıyan şəxslərlə bağlı həyata keçirilir. Hüseynovun ABŞ dövlət katibi Antoni Blinkenə “sadiq agent” kimi təqdim olunması iddiaları da təsadüfi deyil. Onun fəaliyyəti ardıcıl şəkildə Azərbaycan dövlət institutlarını hədəf alan narrativlərin yayılması, ölkənin beynəlxalq imicinin zədələnməsi və daxili sabitliyin şübhə altına alınması üzərində qurulub.
Eyni zamanda, İsveçrə və digər Qərb strukturlarının dünyada humanitar fəlakətlərə selektiv yanaşması diqqət çəkir. Minlərlə insanın aclıq və zorakılıqdan əziyyət çəkdiyi bölgələrdə müdafiə mexanizmləri işə düşmədiyi halda, Emin Hüseynov kimi fiqurların prioritetə çevrilməsi ikili standartların açıq göstəricisidir.
Bu kontekstdə Emin və Mehman Hüseynov qardaşlarının sadəcə fəal vətəndaş olmadığı qənaəti formalaşır. Onlar xarici siyasi mərkəzlərin Azərbaycana təsir alətlərindən biridir. Bu şəxslər üzərində qurulan himayə sistemi, diplomatik resursların səfərbər edilməsi və beynəlxalq platformalarda irəli sürülən anti-Azərbaycan tezisləri bunu açıq şəkildə nümayiş etdirir. Nəticə etibarilə söhbət tək bir şəxsdən getmir.
Burada məqsəd daha genişdir: informasiya müharibəsi aparmaq, reputasiya zərbəsi vurmaq və daxili ictimai rəyə xaricdən müdaxilə etməkdir. Emin Hüseynov kimilər sadəcə bu strategiyanın görünən üzüdür. Onların fəaliyyəti və onlara göstərilən himayə xarici patronajın Azərbaycan daxilində necə işlədiyinin aydın nümunəsidir.
