...

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub (FOTO)

Siyasət Materials 7 Mart 2026 23:29 (UTC +04:00)
Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın nümayəndə heyəti Kot-d’İvuar Respublikasının Abican şəhərində səfərdə olub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Xarici İşlər Nazirliyi heyətinə nazir müavini Yalçın Rəfiyev, SOCAR heyətinə isə qurumun prezidenti Rövşən Nəcəf rəhbərlik edib.

Səfər çərçivəsində Y.Rəfiyev ilə Kot-d’İvuarın xarici işlər, Afrika inteqrasiyası və diaspor naziri Niale Kaba arasında təkbətək görüş keçirilib.

Görüşdə Azərbaycanla Kot-d’İvuar arasında münasibətlərin tərəfdaşlıq ruhunda inkişaf etdiyi, ölkələrimiz arasında çoxtərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.

Daha sonra iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavinlərinin rəhbərliyi ilə keçirilən məsləhətləşmələrdə hər iki ölkənin müvafiq səfirləri və nümayəndələri iştirak edib.

Siyasi məsləhətləşmələr zamanı beynəlxalq platformalar çərçivəsində səmərəli və konstruktiv münasibətlərə istinad edilərək, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, ölkələrimizin xarici siyasət prioritetləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə ölkələrimiz arasında inkişaf edən siyasi münasibətlərin iqtisadi, enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və humanitar-mədəni sahələrdə səmərəli əməkdaşlığın gücləndirilməsi üçün əlverişli əsas yaratdığı qeyd olunub.

Səfər zamanı SOCAR Prezidentinin Kot-d'İvuarın Mədənlər, Neft və Energetika Nazirliyinin, həmçinin Nazirliyin Karbohidrogenlər üzrə baş direktorluğunun, eləcə də Kot-d'İvuarın milli neft şirkəti olan "PetroCI"nin rəhbər heyəti ilə görüşləri keçirilib. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən neft və qaz sektorunda birgə layihələrin həyata keçirilməsi, investisiya imkanları və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti