...

RİÇARD LUQAR: YAXIN ZAMANLARDA 907-Cİ DÜZƏLİŞİN TAM LƏĞVİ GÖZLƏNİLMİR

Siyasət Materials 31 Avqust 2005 21:08 (UTC +04:00)
RİÇARD LUQAR: YAXIN ZAMANLARDA 907-Cİ DÜZƏLİŞİN TAM LƏĞVİ GÖZLƏNİLMİR

ABŞ tərəfindən Azərbaycana maliyyə yardımı göstərilməsini qadağan edən 907-ci düzəlişin yaxın zamanlarda tam ləğvi gözlənilmir. Trend agentliyi bildirir ki, avqustun 31-də Bakıda keçirilən mətbuat konfransında ABŞ -nın Respublikaçılar Partiyasının İndiana ştatından olan senatoru Riçard Luqar (Richard G. Lugar) bu barədə bəyan edib.

R. Luqar qeyd edib ki, Azərbaycana səfər çərçivəsində Demokrat partiyasının İllinoys ştatından olan senator Barak Obama (Barack Obama) ilə birgə ölkənin iqtidar və müxalifət nümayəndələri ilə bir sıra görüşlər keçirib. Azərbaycan prezidenti İlham Əliyev və MSK sədri Məzahir Pənahov ilə də görüşlər keçirilib.

R. Luqarın fikrincə, "zəngin təbii ehtiyatlar və mühüm geostrateji vəziyyəti bugünkü gündə Azərbaycanın dünya ictimaiyyətinin diqqət mərkəzində olmasını etiraf etməyə imkan verir".

Səfərin məqsədinə toxunan ABŞ Senatının üzvləri qeyd ediblər ki, Bakıya respublikanın dövlət sərhədlərinin müdafiəsi, seçkiqabağı vəziyyətin müzakirəsi, Xəzərdə neft yataqlarının işlənib-hazırlanmasının təhlili və neft-qaz layihələrindən gəlirlərin istifadəsində Azərbaycana dəstək göstərilməsi məsələlərini müzakirə etmək üçün gəliblər.Həmçinin Dağlıq Qarabağ probleminin nizama salınması üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanda seçkiqabağı vəziyyətə dair mövqeyini bildirən senator Luqar qeyd edib ki, ABŞ hökuməti ölkədə ədalətli və açıq parlament seçkilərinin keçirilməsi tərəfdarıdır.

" Azərbaycan prezidentinin 2005-ci il 11 may tarixli "Seçki təcrübəsinin təkmilləşdirilməsi haqqında" sərəncamının bütün bəndlərinin həyata keçirilməsi, bir seçicinin iki dəfə səsverməsi cəhdinin qarşısının alınması, "exitt poll"ların aparılması Azərbaycanda demokratik seçkilərin keçirilməsinə zəmanətdir"-deyə senatorlar vurğulayıb.

Həmçinin bəyan edilib ki, ABŞ-nın Azərbaycana maliyyə dəstəyinin həcmi "Nunn-Lugar" proqramları çərçivəsində 35 mln. hesabına doldurulacaq.Həmin vəsaitlər kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və Azərbaycanın dövlət sərhədlərinin, xüsusilə respublikanın Hərbi Dəniz Donanmasının gücləndirilməsinə dəstəyə yönəldiləcək.

"Azərbaycanda heç bir narıncı inqilab gözlənilmir"-deyə R. Luqar vurğulayıb.O, qeyd edib ki, onlara verilən "inqilabın müjdəçisi" imici qətiyyən doğru deyil.

Sonda senatorlar İranın nüvə proqramını davam etdirməsi təhlükəsini qeyd ediblər.Onlar bildirib ki, bu, bütün region üçün, o cümlədən Azərbaycan üçün potensial təhlükə mənbəyidir. "Biz ümid edirik ki, ən yaxın zamanda İranın nüvə proqramı dayandırılacaq"-deyə senatorlar bildirib.

Xəbər lenti

Xəbər lenti