...

Xələf Xələfov: "Xəzər dənizində strateji tərəfdaşlıq sahəsində Azərbaycanla Rusiya arasında danışıqlar davam etdirilir"

Siyasət Materials 14 Fevral 2006 11:29 (UTC +04:00)

"Xəzər dənizində strateji tərəfdaşlıq sahəsində Azərbaycanla Rusiya arasında danışıqlar davam etdirilir".

Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

X.Xələfov yaxın vaxtlarda danışıqların müsbət nəticə verəcəyinə ümid edir. "Mövcud olan qaydaya görə, Xəzər dənizindən gəmilərin Rusiyanın daxili sularına keçməsi üçün Rusiyadan icazə alınmalıdır. Xəzərətrafı ölkələrə məxsus gəmilərin Qara dənizə keçməsi ilə əlaqədar müəyyən problemlər yaranıb. Digər Xəzəryanı ölkələr də Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Hazırda Xəzəryanı dövlətlər bu məsələnin həllinə nail olmağa can atır" - deyə Xələf Xələfov qeyd edib.

X.Xələfov Xəzərin hüquqi statusu çərçivəsində Azərbaycanla Qazaxıstan arasında bir sıra yeni layihələrin hazırlandığını da söyləyib. Nazir müavininin sözlərinə görə, Xəzərin bölünməsi ilə əlaqədar Azərbaycanla Qazaxıstan və Rusiya arasında razılaşmalar Xəzərin ümumi statusunun müəyyən olunmasında ilk addımlardan biri kimi qiymətləndirilir. "Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətləri Xəzər istiqamətində müvəffəqiyyətlə inkişaf edir. İki ölkə arasında yüklərin daşınması, energetika sahəsində əməkdaşlığın aparılması, Qazaxıstanın gələcəkdə Bakı-Tiflis-Ceyhan neft boru kəməri layihəsinə qoşulması və s. göstərir ki, Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətləri gündən günə möhkəmləndirilir" - deyə X.Xələfov söyləyib.

Xəbər lenti

Xəbər lenti