...

İlham Əliyev: Azərbaycanda Rusiya İli uğurlu keçiriləcək

Siyasət Materials 21 Fevral 2006 21:24 (UTC +04:00)
İlham Əliyev: Azərbaycanda Rusiya İli uğurlu keçiriləcək

Azərbaycanda Rusiya İli uğurlu keçiriləcək. Trend bildirir ki, fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda Rusiya İlinin təntənəli açılış mərasimində çıxış edərkən bu barədə əminliyini ifadə edib.

"Bu il ərzində bizim ölkələrimiz və xalqlarımız daha da yaxınlaşacaq, biz bir-birimizi daha yaxşı tanıyacağıq, müxtəlif istiqamətlərdə daha fəal əməkdaşlıq edəcəyik. Beləliklə, bu, Rusiya və Azərbaycanın gələcəkdə də mehriban qonşu, etibarlı dost və tərəfdaş olaraq qalmasına xidmət edəcək. Bu, bizim maraqlarımıza cavab verir" -deyə o qeyd edib.

İ.Əliyevin sözlərinə görə, Rusiya və Azərbaycanı ümumi tarix, ənənəvi dostluq, mehriban qonşuluq və qardaşlıq münasibətləri bağlayır və bu gün də bu münasibətlər inkişaf etdirilir, dərinləşdirilir və davam olunur. "Siyasi yöndə ölkələrimiz arasında həm regional, həm də beynəlxalq əməkdaşlıq məsələlərində fəal qarşılıqlı əlaqələr mövcuddur. Biz müxtəlif beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, ikitərəfli əsasda əməkdaşlığın isə əlbəttə ki, möhkəm bazası vardır. Biz bu fəal siyasi dialoqun davam etdirilməsində maraqlıyıq. Bu birgə səylərin nəticəsində isə bu gün biz Rusiya və Azərbaycan arasındakı münasibətlərdən strateji tərəfdaşlıq münasibətləri kimi danışırıq. Siyasi münasibətlərin belə bir möhkəm bazası bütün digər sahələrdə də münasibətlərin inkişafına xidmət edir" -deyə prezident qeyd edib.

İ.Əliyev bəyan edib ki, iki ölkə arasında mal dövriyyəsi çox yüksək templə inkişaf etdirilir. O, xatırladıb ki, 2 il bundan öncə Rusiya və Azərbaycan prezidentləri ticarət əlaqələrinin ikiqat artırılması proqramını nəzərdə tutub və ötən dövr ərzində mal dövriyyəsi ikiqat artırılıb. Bu gün bu, 1 mlrd. dolları ötür. Onun sözlərinə görə, hər iki ölkədə iqtisadi artım tempi, sənayenin inkişafı nəzərə alınaraq əminliklə demək olar ki, bu, heç də son hədd deyil.

Dövlət başçısı həm də qeyd edib ki, Azərbaycanda rus dili və mədəniyyətinə böyük məhəbbət vardır. Onun sözlərinə görə, Azərbaycanda rus dilində təhsil Sovet İttifaqı dövründə olduğu səviyyədədir, rusdilli məktəblərin heç biri bağlanmayıb, dövlətin demək olar ki, bütün ali məktəblərində rus dilində təhsil mövcuddur.

İ.Əliyev RF prezidenti V.Putinə və Rusiya regionlarının rəhbərlərinə Bakıya gəldiklərinə və Azərbaycanda Rusiya İlinin açılışında iştiraka görə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti