...

Azərbaycan prezidenti Əli Bayramlıya gedib

Siyasət Materials 23 Mart 2006 18:03 (UTC +04:00)

Son 2 il ərzində Azərbaycanda təxminən 350 min yeni iş yeri açılıb. Trend bildirir ki, martın 23-də Azərbaycan prezidenti İlham Əliyev Əli Bayramlı rayon ictimaiyyəti qarşısında çıxış edərkən bu barədə bəyan edib.

O bildirib ki, ölkədə yoxsulluğun səviyyəsi 49%-dən 29%-ə enib və həmin göstərici gələn il daha da azaldılacaq. Dövlət başçısı qeyd edib ki, son 3 il ərzində ölkənin büdcəsi $1,2 mlrd.-dan $4 mlrd.-dək artırılıb və 2006-cı ildə bu göstərici yenə də artırılacaq.

Ölkədə mövcud sosial problemlərə toxunan İ.Əliyev qeyd edib ki, sosial siyasət mütləq gücləndirilməlidir və bu problemlər çox tezliklə həll edilməlidir. O, əlavə edib ki, ən böyük problem odur ki, ölkə əhalisinin 29%-i hələ də yoxsuldur. Prezident yeni iş yerlərinin açılması məsələsinin zəruri olduğunu qeyd edib, bu, "bir çox hallarda yerlərdə çalışan şəxslərdən asılıdır". O deyib ki, bütün vacib göstərişlər verilib, proqramlar qəbul edilib, yalnız bunların yerinə yetirlməsi qalıb.

İ.Əliyev inşaat və yolların təmiri, su, qaz və elektrik təchizatı, eləcə də xəstəxana, məktəb, mədəniyyət ocaqları və abidələrin inşası kimi infrastruktur layihələrinə xüsusi diqqət ayırıb. Prezident deyib ki, ölkədəki minimum əmək haqqının həcmi onu qane etmir və bu, artırılmalıdır. Bununla bağlı nazirlik və idarələrə müvafiq tapşırıqlar verilib.

Dövlət başçısı Əli Bayramlıda olarkən keçmiş prezident Heydər Əliyevin abidəsi önünə çiçək qoyub, onun adını daşıyan muzeyə və parka baş çəkib, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi, eləcə də Çernobıl faciəsinin veteranlarını orderlərlə təltif edib. Həmçinin Müalicə-diaqnostika mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti