Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 19-da Prezident sarayında İordaniya Haşimilər Krallığının şahzadəsi Əl-Həsən bin Talalı qəbul edib. Trend xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub.
Əl-Həsən bin Talal deyib ki, Azərbaycana ikinci dəfə səfər edir, beş il bundan əvvəl buraya qaçqın-köçkünlərin vəziyyəti ilə tanış olmaq üçün gəlib: "O zaman mənə prezident Heydər Əliyevlə görüşmək şərəfi nəsib olmuşdu".
Prezident İlham Əliyev qaçqın-köçkün probleminin hələ də Azərbaycan üçün əsas problem olduğunu vurğulayıb və onlar üçün yeni qəsəbələrin salındığını söyləyib.
İordaniya şahzadəsi mayın 1-də Türkiyənin xarici işlər naziri Abdullah Gülün dəvəti ilə bu ölkədə keçiriləcək konfransda Roma klubunun ilk asiyalı sədri kimi iştirak edəcəyini və orada bu regionun əhəmiyyəti ilə bağlı müzakirələr aparmaq niyyətində olduğunu bildirib.