Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə aprelin 20-də "Park İnn" otelində "Azərbaycan dinamik inkişaf yolunda: nəticələr və perspektivlər" mövzusunda konfrans keçirib. Trend xəbər verir ki, konfrasda YAP-ın rəhbərliyi, millət vəkilləri, partiya sədrləri və ali təhsil müəssisələrinin rektorları iştirak edib.
Konfransı açan YAP sədrinin müavini Əli Əhmədov Azərbaycanın iqtisadi inkişafından danışaraq qeyd edib ki, dövlət başçısının düzgün siyasəti Azərbaycanın iqtisadi inkişafını sürətləndirib. Ə.Əhmədov bildirib ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində yüksək nəticələr əldə olunub.
Daha sonra Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə "Azərbaycan iqtisadiyyatı: XXI əsrdə inkişaf modeli barədə düşüncələr" mövzusu ilə bağlı çıxış edib.
İqtisadçı alimlər Rasim Nəbiyev "Keçid dövrü iqtisadiyyatının xüsusiyyətləri və perspektivləri", Müşfiq Atakişiyev "Azərbaycanın neft strategiyası və onun sosial-iqtisadi nəticələri", Rəsul Balayev "Dinamik inkişafın informasiya aspektləri" mövzularında çıxışlar ediblər. Çıxış edənlər Azərbaycanda iqtisadiyyatın dinamik inkişafını təhlil ediblər.