Bakı Şəhər İcra Hakimiyyəti "Dalğa" gənclər Hərəkatının aprelin 22-də Bakının "Qələbə" meydanında keçirməyi planlaşdırdığı mitinqə izacə verməyib. Bu barədə Trend ə "Dalğa" Hərəkatının sədri Ramin Hacılı məlumat verib.
Qeyd edək ki, gənclər təşkilatları Budapeşt şəhər məhkəməsinin Azərbycan ordusunun zabiti Ramil Səfərova ömürlük həbs cəzası verməsinə etiraz olaraq mitinq keçirməyi qərara alıb. Aksiyada Ramil Səfərovun hüquqlarının müdafiəsi, onun barəsində çıxarılmış ədalətsiz məhkəmə qərarının dəyişdirilməsi istiqamətində işlər görülməsi üçün müraciətlər edilməsi planlaşdırılıb. Lakin Bakı Şəhər İcra Hakimiyyətindən aksiyanın təşkilatçılarına verilən cavab məktubunda bu mitinqin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Paytaxt rəhbərliyi bu cavabını Ramil Səfərovun vəkilinin, həmçinin ailəsinin belə mitinqlər keçirilməsini istəməməsi, həmçinin gənclərin aksiyada emosionallıq nümayiş etdirə biləcəkləri ilə əsaslandırıb.
"Dalğa" Gənclər Hərəkatının sədri bildirib ki, qarşıdurmalar yaranmaması üçün sabaha təyin olunmuş mitinqi təxirə salırlar. Lakin onlar kütləvi aksiya keçirmək qərarını dəyişməyiblər və gələn həftənin 6-cü günü - aprelin 29-da "Qələbə" meydanında mitinq keçirməyi qərara alıblar. Bununla əlaqədar aprelin 24-də yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndəriləcək. Bu dəfə müraciətlərində aksiyalarının dinc xarakter daşıdığını sübut etmək üçün mitinqin ssenarisi də təqdim olunacaq.