...

"Cənubi Qafqazda sülhün bərqərar edilməsi və möhkəmləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib

Siyasət Materials 22 İyun 2006 17:00 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatının təşəbbüsü ilə iyunun 22-də Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında "Cənubi Qafqazda sülhün bərqərar edilməsi və möhkəmləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilib. Trend xəbər verir ki, konfransda Milli Məclisin üzvləri, Gürcüstan parlamentinin üzvləri, Avrasyia Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları, partiya sədrləri, hərəkatın xarici ölkələrdəki nümayəndələri iştirak edib.

Konfransı açan adıçəkilən hərəkatın sədri İlqar Qasımov Cənubi Qafqazda sülh uğrunda mübarizədə xalqların həmrəyliyi barədə danışıb. Konfransda çıxış edən Gürcüstan parlamentinin üzvü, Mühafizəkarlar partiyasının sədri Koba Davitaşvili Cənubi Qafqazda sülhün bərqərar olması üçün sülh tərəfdarı olan dövlətlərin həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Millət vəkillərindən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə isə bölgədə sülhün bərqərar olmasına mane olan Rusiya amilini daha çox qabartdılar.

Digər çıxışçılar da erməni faktorunun bölgədəki dövlətlər üçün təhlükəli olduğunu vurğulayıblar. Bildiriblər ki, ermənilər Azərbaycandan Dağlıq Qarabağı, Gürcüstandan isə Cavaxetiyanı özününküləşdirməyə cəhd göstərirlər. Bunun qarşısını almaq və bölgədə sülhü bərqərar etmək üçün həmrəylik nümayiş etdirilməlidir.

O da vurğulanıb ki, müxtəlif səbəblər üzündən konfransda iştirak etməyən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili seçilən, ATƏT PA sədrinin müavini Nevzat Yalçıntaş, Türkiyə Cümhüriyyət Xalq Partiyası Milli Təhlükəsizlik Komissiyasının üzvü, millət vəkili Ansar Ögüt və Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti