"Avropa Şurasının AQO Qrupunun Cənubi Qafqazla bağlı məruzəsində Azərbaycanla bağlı həm tənqidi, həm də müsbət məqamlar var". Bu barədə Trend ə Azərbaycanın Avrora Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov açıqlama verib. O bildirib ki, hesabatdakı hər bir tənqidi məsələ ilə bağlı Azərbaycanın mövqeyi Avropa Şurasının Nazirlər Komitəsinə çatdırılır. Onun sözlərinə görə, tərəflər arasında konstruktiv, ikitərəfli danışıqlar gedir.
"Həm seçki məsələləri, həm insan haqları ilə bağlı məsələlər ciddi araşdırılır. Əlbəttə hər bir tənqid dövləti narahat etməlidir. Ancaq mən bu hesabatda hər hansı ciddi narahatedici məqam görmürəm"-deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.
S.Seyidov əlavə edib ki, AQO Qrupunun rəhbərliyində dəyişiklik edilib, bu da rotasiya prinsipi əsasında həyata keçirilib: "Lakin AQO Qrupu fəaliyyətini davam etdirir. Burada hər hansı bir problem yoxdur". S.Seyidovun sözlərinə görə, AQO-nun axırıncı hesabatından sonra yenə də Azərbaycan səfər edəcək. Lakin konkret olaraq səfərin vaxtı hələ məlum deyil. S.Seyidov bildirib ki, buna AŞ-nin Nazirlər Komitəsi özü qərar verir.