...

Livan-İsrail böhranı Azərbaycanda "dəyirmi masa" arxasında müzakirə edilib

Siyasət Materials 28 İyul 2006 17:47 (UTC +04:00)

İyulun 28-də Beynəlxalq Sülhsevərlər Birliyi (BSB) İsrail və Livan müharibəsinə etirazını Bakıda keçirdiyi dəyirmi masada bildirib. Trend in xəbər verdiyi kimi, BSB-nin sədri, professor Vəli İsmayılov xəbər verib ki, bu təşkilat insanın ən əsas hüququ -yaşamaq hüququnun müdafiəsi uğrunda çıxış edir. Minlərlə insanın bu hüququ İsrailin Livana qarşı müharibəsi nəticəsində pozulur.

"İsrail və Livan arasındakı müharibə dayandırılmalıdır. Bu kiçik müharibə qlobal müharibəyə çevrilə bilər. İsrail iki əsgərin müdafiəsini bəhanə gətirərək, ərəb torpaqlarını tutmaq istəyir. Tarixdə elə faktlar var ki, bir insanın qətli dünya müharibəsi üçün səbəb olub", - deyə BSB-nin üzvü Şahbaz Şahbazov qeyd edib.

Azərbaycan İslam Partiyasının sədri Hacıağa Nuri hesab edir ki, böyük dövlətlər Şərqin müasir xəritəsini dəyişməyi, onlar üçün sərfəli olan şərtlərlə ölkələr arasında yeni sərhədlər yaratmağı planlaşdırır. "Və ərazisinin 20%-i işğal altında olan Azərbaycan da bu plana daxildir. Böyük dövlətlərin təcavüzkar ölkəyə və təcavüzə məruz qalan ölkəyə eyni münasibəti bunu bir daha təsdiq edir", - deyə o qeyd edib.

Birliyin digər üzvü tarixçi Tariyel Vəliyev bəyan edib ki, Azərbaycan ailələrinin Livandan çıxarılması problem olaraq qaldığı halda, Ermənistan artıq erməniləri Livandan Azərbaycanın işğal edilmiş ərazilərinə köçürür.

"Dəyirmi masa"nın iştirakçıları dünya cəmiyyəti xalqlarını sülh uğrunda mübarizədə birləşməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti