Avqustun 14-də səhər saat 7 radələrində Qobustan Həbsxanasında cəza çəkən məhbus Aslanov Kamandar Aslan oğlunun ölümünün əsl səbəbləri eksrpetizanın rəyindən sonra məlum olacaq. Bu barədə Trend ə Bakı şəhəri, Qaradağ rayon prokuroru Tariyel Qurbanov məlumat verib.
"Hadisə barədə prokurorluğa məlumat daxil olduqdan dərhal sonra həbsxanaya gedərək hadisə yerini müayinə etmişik. Materiallar toplanılıb və həmin materiallar əsasında Qaradağ rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Mərhumun meyiti məhkəmə-tibb ekspertizasının Qaradağ rayon şöbəsində tibbi müayinədən keçirilib, lakin ekspertizanın rəyi hələlik prokurorluğa daxil olmayıb. Rəy əsasında ölümün səbbələri müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək" - deyə prokuror söyləyib.
1966-cı il təvəllüdlü Kamandar Aslanov 1995-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirləndirilərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 8 il idi ki, Qobustan Qapalı Həbsxanasında cəza çəkirdi. Onun cəsədi həbsxananın karserindən aşkar edilib. Prokurorun sözlərinə görə, dustaq əvvəllər də özünü öldürməyə cəhd edib, qol damarlarında kəsiklər müşahidə olunub.