...

Etibar Məmmədov: "Güney Azərbaycan beynəlxalq Forumuna müxtəlif ölkələrdə fəaliyyət göstərən təşkilatlar dəvət olunub"

Siyasət Materials 4 Sentyabr 2006 13:39 (UTC +04:00)

Sentyabrın 12-də Bakıda keçiriləcək Güney Azərbaycan beynəlxalq Foruma Azərbaycanda, Avropada və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Güney yönümlü təşkilatlar dəvət olunub. Bu barədə Trend ə tədbirin təşkilatçılarından Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov məlumat verib.

O bildirib ki, ölkə daxilindəki siyasi təşkilatlara, eləcə də dövlət orqanlarına dəvət göndəriləcək. E.Məmmədovun sözlərinə görə, beynəlxalq Forumun keçiriləcəyi yer artıq müəyyən olunub. Yaxın günlərdə iştirakçılara və KİV-lərə dəvətnamələr göndəriləcək. Forumun gündəliyinə Güney Azərbaycanda gedən milli hərəkat, onun bugünkü problemlərinin müzakirəsi daxil edilib. Həmçinin tədbirin təşkilatçıları və iştirakçılarına təklif olunub ki, gündəliklə bağlı öz təkliflərini təqdim etsinlər. Sonda bütün təkliflər ümumiləşdirilərək Forumun proqramı tərtib ediləcək.

Etibar Məmmədov onu da deyib ki, AMİP-in üzvü olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) toplantıları keçiriləcək və onun özü də bu tədbirələrə qatılacaq: "Beynəlxalq Demokrat İttifaqının Avropa ölkələrində dalbadal bir neçə iclası olacaq. Mən də onlardan hansındasa iştirak edəcəyəm. Bu səfər zamanı Avropa ölkələrinin siyasi partiya və parlament təmsilçiləri ilə görüşlərim planlaşdırılır. Bütün görüşlərdə Güney Azərbaycan məsələsi müzakirə ediləcək. Biz Avropa dövlətlərində parlament səviyyəsində, həmçinin beynəlxalq təşkilatlarda Güney məsələsinin qaldırılmasına nail olmağa çalışacağıq".

E.Məmmədovun sözlərinə görə, görüşlərdə Güney Azərbaycandan olan nümayəndələrin özlərinin iştirakı daha məqsədəuyğundur. Ona görə də harada mümkün olsa, Güney Azərbaycanı, milli hərəkatı təmsil edən şəxslərin iştirakına nail olmağa çalışılacaq.

Xəbər lenti

Xəbər lenti