...

MMP Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılmasını tələb edir

Siyasət Materials 13 Oktyabr 2006 11:04 (UTC +04:00)

Müasir Müsavat Partiyası (MMP) Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən uzaqlaşdırılması və Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların Fransanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirməsi barədə bəyanat verib. Bu barədə Trend ə MMP sədri Hafiz Hacıyev bildirib.

Qeyd edək ki, bəyanat oktyabrın 12-də Fransa parlamentinin Milli Assambleyasında qondarma erməni soyqrımı ilə bağlı qəbul edilən məlum qanun layihəsinə etiraz olaraq verilib.

MMP sədri qeyd edib ki, Fransanın erməni soyqırımını inkara görə cəza nəzərdə tutan qanun layihəsini qəbul etməsi təkcə Türkiyəyə deyil, bütövlükdə Türk dünyasına qarşı böyük haqsızlıqdır. MMP bunu Fransa hökuməti tərəfindən atılmış çox primitiv davranış və utanc gətirən bir addım hesab edir və bütün Azərbaycan xalqının bu məsələdə öz mövqeyini ortaya qoymasının zəruriliyini bəyan edir: "Əgər Fransa insan azadlığına bu qədər dəyər verirsə, onda nə üçün qondarma Dağlıq Qarabağ məsələsində öz mövqeyini ortaya qoymur və yüz minlərlə azərbaycanlını qətlə yetirmiş erməniləri azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham etmir. Bütün bu olanlardan belə nəticəyə gəlirik ki, Fransa heç vaxt Qarabağ məsələsinin həll olunmasına maraq göstərməyəcək. Ona görə də biz Fransanın ATƏT-in Minsk qrupunda həmsədrlikdən uzaqlaşdırılmasını tələb edirik və bütün Azərbaycan partiyalarını məlum qanun layihəsinə etiraz əlaməti olaraq həmin ölkənin səfirliyi qarşısında birlikdə aksiya keçirməyə dəvət edirik".

Ədliyyə Nazirliyində qeydiyyatdan keçən müxalif MMP 2002-ci ildə Hafiz Hacıyevin sədrliyi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti