...

Azərbaycan prezidenti qiş mövsümünə hazirliqla bağli müşavirə keçirib

Siyasət Materials 1 Dekabr 2006 20:13 (UTC +04:00)

Trend AzTV-yə istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabırn 1-də ölkənin qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib.

Prezident qışa hazırlıq məsələləri ilə bağlı bir müddət əvvəl də müşavirə keçirdiyini xatırladaraq bildirib ki, ölkənin potensial imkanları çoxalsa da, enerjiyə tələbat da artmaqdadır. Respublikanın ayrı-ayrı rayonlarında yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, təbii qazla təminat baxımından da xeyli irəliləyişlərə nail olunub.

Prezidentin sözlərinə görə, Azərbaycan hər il Rusiyadan 4,5 milyard kubmetr qaz alır və bunun ölkənin enerji balansında önəmli yeri var. Gələn ildən isə Rusiya Azərbaycana verilən qazın miqdarını üç dəfə azaltmaq, qiymətini isə iki dəfədən çox artırmaq istəyir. Ona görə də əlavə resurslar axtarmaq zərurəti meydana çıxır.

Yarana biləcək belə bir vəziyyətdən çıxmaq üçün qabaqlayıcı tədbirlər görmək məqsədi ilə hələ 6 ay bundan əvvəl Dövlət Neft Şirkətinə tapşırıqlar verdiyini deyən prezident qaz hasilatını və qazma işlərini sürətləndirmək üçün ciddi işlər görüldüyünü, bunun gələn ildən Azərbaycanın enerji balansını xeyli artıracağını bildirib.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın qışa hazırlığı ilə bağlı ümumi məlumat verib.

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, "Azəristiliktəchizat" Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov, "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Nizaməddin Rzayev, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev müvafiq sahələrdə qışa hazırlığın ümumi vəziyyəti, sayğaclaşdırma prosesi və mövcud çatışmazlıqlar barədə məlumat veriblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vuraraq qeyd edib ki, vətəndaşlar elektrik enerjisi ilə fasiləsiz tam təmin olunmalı, xidmətin səviyyəsi müasirləşdirilməlidir. Sayğacların quraşdırılması qısa vaxt ərzində başa çatdırılmalıdır.

Dövlət başçısı qış mövsümünün problemsiz keçməsi üçün əlaqədar strukturların rəhbərlərinə lazımi tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti